Prezident İlham Əliyev - "Ermənilər öz hakimiyyətini məsuliyyətə cəlb etməlidir"
30.09.2020 16:30 Siyasi reaksiya 641
"Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan heç kəs bizi çıxara bilməz".
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı söyləyib.
"Erməni xalqına üzümü tutub demək istəyirəm ki, onlar öz rəhbərliklərinin çirkin əməllərinin girovlarına çevrilməsinlər. Bu gün onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpaqlarında?! Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib. Bir neçə yaşayış məntəqəsini işğalçıdan azad edib. Biz uzun fasilədən sonra bu torpaqlara qayıtmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik, erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma yurd-yuvasından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim doğma, əzəli tarixi torpağımızdır”, - prezident bildirib.
"Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin", - ölkə başçısı əlavə edib.
Şərhlər