Paşinyan siyasi savadsızlığını açıq-aydın göstərdi - Səfir

01.10.2020 22:11     Siyasi reaksiya     1056

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Bu nüfuzlu beynəlxalq təşkilatın sənədləri indiyədək yerinə yetirilmir və bununla da Ermənistan dünya birliyinə meydan oxuyur. Bu qətnamələrin qəbulu bir daha sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, hər bir dövlət, o cümlədən Ermənistan ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətlə yanaşmalıdır.

Reaksiya.az xəbər verir ki,bu sözləri AzərTac-a Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

Səfir vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün, sülhün və ədalətin bərpa edilməsinə çağıran bu sənədlər hələ də kağız üzərində qalıb. Ümumiyyətlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə heç vaxt hörmətlə yanaşmayıb.

H.Quliyev deyib: “Azərbaycan 27 il ərzində işğalçı Ermənistandan tələb edib ki, BMT Nizamnaməsinin tələblərinə və beynəlxalq normalara uyğun olaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarsın. Bütün bu çağırışlara əməl etməyən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də müxtəlif növ silahlardan və ağır artilleriyadan istifadə edərək Azərbaycanın təmas xəttindəki yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əks hücuma keçib. Sentyabrın 30-na olan məlumata görə, düşmən xeyli canlı qüvvə, hərbi və döyüş texnikası itirərək bütün cəbhəboyu geri çəkilməyə məcbur olub. Bununla belə, mülki insanların atəşə tutulması nəticəsində 16 dinc sakin həlak olub, 55 nəfər yaralanıb, 163 ev, 36 mülki obyekt dağılıb, dinc sakinlərə məxsus xeyli nəqliyyat vasitəsi yararsız hala düşüb, mal-qara məhv edilib”.

Səfir vurğulayıb ki, Ermənistan 1949-cu il Cenevrə Konvensiyasını və BMT-nin insan hüquqları üzrə Konvensiyasını kobud surətdə pozub.

H.Quliyev onu da qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək dinc əhaliyə atəş açmır. Ermənistanın baş naziri Paşinyana gəldikdə isə o, Azərbaycan Prezidenti İlham Əliyevlə debatı zamanı özünün siyasi savadsızlığını açıq-aydın nümayiş etdirdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar