Müharibə alovlandı: Bölgədə hər şey dəyişəcək - Ordumuz irəliləyir

02.10.2020 13:50     Siyasi reaksiya     3822

“Azərbaycanın Ermənistan torpaqlarında gözü yoxdur. Bizim tək məqsədimiz işğal altında olan əraziləri azad etməkdir. Ermənsitan tərəfi çalışır ki, müharibə dayansın və Qarabağ məsələsi ilə bağlı Azərbaycanın xeyrinə heç bir danışıq getməsin. Lakin bu, mümkün olan iş deyil”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanın hazırki durumu onun nə qədər aciz və çarəsiz olduğundan xəbər verir:

“Azərbaycan daim Ermənistanı və beynəlxalq təşkilatları xəbərdar edirdi ki, əgər sülh danışıqları alınmasa, yeganə yol müharibə olacaq. Hazırda həmin müharibənin konturlarını görürük. Ermənistan indi ciddi cəhdlə çalışır ki, dünya birliyini məsələyə qatıb, Azərbaycanı müharibədən vazkeçirsin. Çünki Azərbaycan Ordusu çox sürətlə irəliliyir və düşmən tərəfi anlayır ki, Müharibə son həddə qədər getsə, Ermənistan məğlub olacaq. Hətta onlar qorxur ki, Azərbaycan Ordusu Dağlıq Qarabağdan sonra Ermənistana da keçəcək. Lakin bu, Azərbaycanın planında yoxdur. Bizim tək hədəfimiz işğal altında olan torpaqlarımızı azad etməkdir”.

Politoloq Azərbaycanın qələbəsindən sonra bölgədə vəziyyətin dəyişəcəyini bildirib:

“Dağlıq Qarabağı azad etdikdən sonra bölgədə fərqli bir giosiyasi vəziyyət formalaşacaq və söz sahibi Azərbaycan olacaq. Ona görə yox ki, Azərbaycan güclüdür, imkanları çoxdur, ona görə ki, Azərbaycanın yolu haqq yoludur, bölgədə sülhün və əminamanlığın tərəfdarıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan irəlilədiyi bu haqq yolda 3-cü dövlətlərin çağırışlarına məhəl qoymamalı, öz hədəfinə çatmaq üçün yalnız irəli getməldidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar