Bizə qarşı səslənən ittihamların sübutu yoxdur - Prezident

07.10.2020 21:18     Siyasi reaksiya     527

Siz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmi açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiyə birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gətirib.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində deyib.

“Halbuki bunun heç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu günə qədər bizə heç bir sübut verilməyib. Bu, bizə qarşı edilən haqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır. Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi, ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərəm. Hər halda, hər bir ölkə özünü müdafiə etməlidir. Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik. Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır. Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir”, - İlham Əliyev bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar