"Azərbaycan görüşə güclənmiş formada gedir" - POLİTOLOQ

14.08.2015 12:49     Siyasi reaksiya     2098

Xəbər verildiyi kimi, gələn ay Nyu-Yorkda BMT Baş Məclisi sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü planlaşdırılır.

Xatırladaq ki, atəşkəs dönəmində 26 belə görüş keçirilib və ən yaxşı halda ümumi bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

Təşəbbüsün daha çox Qərbdən gəldiyinə görə ehtimal etmək olar ki, ABŞ görüşün daha çox yaddaqalan olması üçün gərəkən minimum addımları atmağa çalışacaq. Belə bir ehtimal Vyana anlaşmasında Vaşinqtonun həlledici rolunu gücləndirir. Regional oyunçu mövqeyini saxlamaq Rusiya üçün bir o qədər də  maraqlı olmadığından  həmin anlaşmaya mane olmağa çalışmayıb. Rusiyanın Qarabağ məsələsində qat-qat ciddi maraqlar və hədəflər güddüyü isə bəllidir. Məsələ Rusiya ilə bilavasitə həmsərhəd bölgədə NATO ilə münasibətlərin perspektivliyində və qeyri-müəyyənliyindədir. SSRİ dağılandan sonra bəllidir ki, Qərb-Rusiya münasibətləri hazırda ən soyuq dönəmini yaşayır.
Bir çox analitiklər düşünür ki, dünyada siyasi və iqtisadi konyukturanın sürətlə dəyişilməsi fonunda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə hansısa yeni təkliflərin müzakirəyə çıxarılacağı mümkünsüzdür.

Reaksiya.az prezidentlərin növbəti görüşünün konkret nəticəsi ola biləcəyinə dair politoloq Aqil Məmmədovun mövqeyini öyrənib: “Prezidentlərin sentyabr ayında Nyu-Yorkda nəzərdə tutulan görüşləri sadəcə müəyyən diskusiya təkliflərin müzakirəsi üçün önəmlidir. Çünki liderlər səviyyəsində birbaşa dialoq prosesin yerində addımlamasının qarşısını alır. Ona görə də hesab edirəm ki, planlaşdırılan görüş sadəcə prosesə təkan verə bilər. Eyni zamanda, bu danışıqlar yeni siyasi fon mühitində keçiriləcək. Yəni, Ukrayna hadisələrindən sonra Qərbin separatizm və ərazi bütövlüyü məsələsinə baxışlarında bir növ konkretləşdirmələr mövcuddur. ATƏT PA-nın son iclası zamanında ərazi bütövlüyü məsələsi vacib bənd kimi sənədlərə salınıb. Ona görə də Azərbaycan tərəfi bu görüşə əli güclənmiş formada gedir. Əksinə, erməni tərəfi isə görüşə daha da zəifləmiş formada qatılacaq". 

Politoloq İrəvan daxilindəki gərgin siyasi mühitin, narazı güclərin ardıcıl olaraq hakimiyyət əleyhinə çıxışlarının Serj Sarkisyanı daha da zəiflətdiyini bildirib: "Eyni zamanda, cəbhə xəttində davam edən erməni təxribatları, beynəlxalq arenada Ermənistanın imicinin günü-gündən zədələnməsi Sarkisyan hakimiyyətini etibarsızlaşdırıb. Ona görə də hesab edirəm ki, belə bir mühitdə Ermənistana təzyiqlər artacaq və görüş zamanı Ermənistan prezidentinə yeni siyasi situasiya izah ediləcək. Bu görüş nəticəsiz bitsə də irəliyə doğru addım olacaq və həmsədrlər aktiv fəaliyyət göstərsələr prosesi durmadan davam etdirib bir nətəcəyə nail olmaq olar. Ancaq nəticə bu görüşdə deyil, görüşdən sonrakı prosseslərdə əldə edilə bilər”.

Şərhlər

Çox oxunanlar