İranın Ermənistana dəstəyi: yenidən cəhd edərsə... - ŞƏRH
09.10.2020 16:22 Siyasi reaksiya 2498
İranın Qarabağ məsələsində həll variantı ilə çıxış etməsi, həmçinin, nizamlama prosesində yer almaq istəməsi, əsasən, Cənubi Qafqazda mövqeyini gücləndirməsinə hesablanır. Tehran teokratik rejimi Suriyada olduğu kimi Cənubi Qafqazda Türkiyə və Rusiya ilə birgə üçlü format çərçivəsində əməkdaşlıq etməklə, yeni siyasi nizamda yer almağa çalışır.
Bu sözləri Reaksiya.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O, Tehranın cəhdlərinin müsbət nəticələnməyəcəyini bildirib:
“İlk növbədə prezident İlham Əliyev Qarabağ məsələsində Türkiyə və Rusiyanın rolunu önə çəksə də İranın adını qeyd etmədi. Ümumiyyətlə İranın təkliflərinə heç işarə də etmədi. Bu, o deməkdir ki, İranın Cənubi Qafqazda Qarabağ üzərindən xal qazanmağı mümkün olmayacaq.
Həmçinin, İranın təklif etdiyi həll variantları ilk növbədə Azərbaycan və Ermənistan ücün məqbulluğu eyni göstərilir - baxmayaraq ki, İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin İran Ermənistana Rusiyadan ixrac olunan silahları ötürməklə, prosesdə fəaliyyətinə kölgə salmış oldu. Tehran rəsmilərinin sonradan verilən bəyanatlarına baxamayaq, İranın davranışları Azərbaycan üçün şübhəli olaraq qalır.
Məhz bu kontekstdə İranın Qarabağ məsələsində vasitəçiliyi Azərbaycan üçün məqbul sayılmır. Əgər Qarabağ nizamlanmasında İran, Türkiyə və Rusiya formatında yer alarsa, bu, Ermənistanın maraqlarına əsaslana bilər. Bundan əlavə, Türkiyə də rəsmi Tehranın bu münaqişənin həllində vasitəçiliyinə isti yanaşmaz”.
Politoloq İranın yenidən Ermənistana silah tədarükü edəcəyi təqdirdə orada yaşayan azərbaycanlıların kəskin etirazına məruz qalacağını bildirib:
“İran bundan sonra da Ermənistana silah tədarükünə əl atarsa, Cənubi Azərbaycanda əhalinin etirazları ilə qarşılaşacaq. Tehran bu məsələdə cənubi azərbaycanlıların mövqeyi ilə məcburən barışmalı olacaq.
Ümumilikdə hesab edirəm ki, Azərbaycanın Ermənistana işğal olunmuş ərazilərdə əks-həmlə əməliyyatı regionda yeni siyasi nizam formalaşdıracaq. Bu siyasi nizamda Ermənistan-Rusiya bağları zəifləyəcək və Rusiya, Türkiyə-Azərbaycan platformasına üstünlük verəcək.
Ermenistan əhalisi də artıq Rusiyanı qəbul etməyəcək. Qərbin də kiçik və yoxsul problemli Ermənistana vaxt ayırmaq həvəsi olmayacaq”.
Şərhlər