Moskva görüşünün pərdəarxası: Kreml bunları istəyir

12.10.2020 13:34     Siyasi reaksiya     761

Azərbaycan-Türkiyə Hərbi Tədris Mərkəzlərinin açılması ilə bağlı müqavilə imzalanmalı, Türkiyənin ölkəmizdə tamhüquqlu iştirakına şərait yaradılmalıdır. Başqa yol görmürəm. Artıq bu bizim üçün Vətən savaşı, həm də müstəqilliyimizin qorunması mücadiləsidir! Ordumuza güvənirik!

Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a ekspert Natiq Cəfərli Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində azad edilən ərazilər haqda danışarkən deyib.

O bildirib ki, Moskva görüşündən öncə İsveçrədə Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşü olmalı idi:

“Maraqlı məqam budur ki, bizim nazir görüşdə iştirak etdiyi halda, Ermənistanın XİN rəhbəri iştirak etmədi. Çünki Kreml belə bir görüşün keçirilməsinə razı ola bilməzdi. Moskva çox narahat idi ki, Qarabağla əlaqəli hansısa sənəd onun nəzarəti altında deyil, Qərbin patronajlığı ilə imzalana bilər.

Rəsmi Moskva Cənubi Qafqazı hər zaman öz “arxa bağçası” hesab edib. Bu mənada nə Türkiyə, nə də Qərbin regiona təsir etməsi ilə barışa bilər. Moskva görüşü bir daha göstərdi ki, Rusiya hələ istədiklərini almayıb”.

Ekspert deyib ki, rəsmi Moskvanın bir neçə istəyi və hədəfi var:

“Birincisi, Rusiya istəyir ki, Paşinyan və komandası tez bir zamanda hakimiyyətdən getsin. Çünki Kremlin gözündə Paşinyan öz ordusunu belə idarə etməkdə aciz, zavallı bir insandır. Bu gün Ermənistan arsenalında olan başda S-300 raketləri olmaqla, bir çox ballistik raketlərin kodları rusiyalı zabitlərin nəzarətindədir.

İkincisi, Azərbaycandan gözlənti Türkiyə ilə bu qədər yaxınlaşmamadır. Digər tərəfdən, Kreml “sülhməramlı” adı altında Rusiya qoşununun Azərbaycana buraxılmasını istəyir. Hər iki tələb qəbuledilməzdir.

Üçüncüsü, bölgədə münaqişə alovlanıb Gəncə, Tovuz, Qazax istiqamətində təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhdid altında olur. Bu, Kremlə çox lazımdır. Onlara Cənub Qaz Dəhlizinin qeyri-sabit olduğunu, Avropaya qazın təminatında problemlər yaranacağını sübut etmək lazımdır. Məhz buna görə BTC hədəfə alınır. Bu təhdidi yaratmaqla Rusiya Şimal Axını-2 layihəsinə təzyiqləri azaldır, o layihəyə sanksiyaların tədbiqini mümkünsüz edir, sanki mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, Şimal Axını-2 layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar