“ABŞ Avropanın gözünün yaşına belə baxmayacaq”

14.08.2015 17:06     Siyasi reaksiya     2264

Amerikalı tarixçi Erik Zuesse Rusiyanı zəiflətmək üçün dünyanın müxtəlif yerlərində müharibələr aparan Vaşinqtonun məqsədinə doğru irəliləyərkən müttəfiqlərinə belə acımayacağını bildirib.

Reaksiya.az xəbər verir ki, o, bu barədə Almaniyanın “Deutsche Wirtschafts Nachrichten” qəzetində dərc olunan məqaləsində yazıb. Zuesse ABŞ-ın Liviya, Suriya və Ukrayna siyasətləri arasında paralellər apararaq bu nəticəyə gəlib: "Amerikalılar Liviyanı bombardman etməzdən əvvəl ora rifah dolu bir ölkə idi. Adambaşına düşən gəliri yüksək idi. Təhsil və səhiyyə xidmətləri dövlət nəzarətindəydi. Yoxsullar da bu xidmətlərdən istifadə edirdi. ABŞ-ın müdaxiləsindən sonra Liviya Avropa üçün ciddi bir problemə çevrildi. ABŞ üçün indi də növbədə Suriyadır. Amerikaya görə Rusiyaya qarşı qələbə qazanmaq üçün Suriya da məhv edilməlidir".

 Amerikalıların İŞİD-ə qarşı mübarizəsi PR (ictimaiyyətlə əlaqələr) işidir

 ABŞ-ın Suriyada  İslam hökuməti qurmaq istədiyini yazan tarixçi, məqaləyə belə davam edib: “Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın müttəfiqidir. Suriya isə Rusiyanın enerji məhsullarının Avropaya çatdırılmasında aparıcı rol oynayırdı. ABŞ Suriyadakı rejimi dəyişdirmək üçün terrorçuları dəstəkləyir. Amerikalıların İŞİD-ə qarşı mübarizəsi isə PR işidir və təbliğat olmaqdan uzağa getmir”.

 Avropaya təsir edib-etmədiyinə diqqət etmir

 “Liviya prezidenti Müəmmər Qəddafinin, Ukraynada prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra indi də Bəşər Əsədi hakimiyyətdən salmaq cəhdlərinin məqsədi Rusiyanı zəiflətmək və bu ölkədəki rejimi dəyişdirməkdir”- deyən Zuesse  siyasətin Avropaya təsir göstərib-göstərmədiyinə ABŞ-ın diqqət etmədiyini qeyd edib.

 "ABŞ bu müharibədən canlı çıxan yeganə dövlət olmalıdır”

Tarixçi məqaləsini belə sonlandırıb: “Vaşinqtonun xarici siyasətinə görə Amerikalıların başlatdığı xaos və tənəzzül başa çatanda ABŞ bu müharibədən canlı çıxan yeganə dövlət olmalıdır. Buna görə də Amerikalı strateglər üçün Rusiyaya (Ukrayna böhranı səbəbindən) tətbiq olunan sanksiyaların Avropa iqtisadiyyatına zərər verməsi də son dərəcə qəbul edilən haldır”.

Şərhlər

Çox oxunanlar