Bayramov Lavrovla danışdı - Təfərrüat

14.10.2020 17:15     Siyasi reaksiya     2461

Oktyabrın 14-də Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Reaksiya.az-a Azərbaycan XİN-dən bildirilib.

Nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verib. O, 14 oktyabr tarixində gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyi Serqey Lavrovun diqqətinə çatdırıldı.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə və Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumu nəzərə alınaraq hərəkət etdiyini vurğuladı. Beləliklə növbəti insan faciəsinin qarşısı alındı və çox sayda azərbaycanlı mülki şəxslərin həyatı xilas edildi.

Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi.

Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə etdi. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğuladı. Həmçinin, Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında humanitar atəşkəsə riayət olunması üçün monitorinq mexanizminin təsis edilməsinin vacibliyini bildirdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar