Rasim Musabəyov "Reaksiya.az"a reaksiya verdi - FOTOLAR

14.08.2015 18:05     Siyasi reaksiya     2961

Xəbər verildiyi kimi, bu gün politoloq, millət vəkili Rasim Musabəyov Reaksiya.az-ın əməkdaşının telefon zənginə  “Tanımadığım jurnalistlərlə, mənbə ilə mən telefonla danışmıram. Mən nə sizin saytı tanıyıram, nə də sizi tanıyıram” cavabını verib.

Reaksiya.az politoloqun bu “cavabını” olduğu kimi yayımlayıb və yazını Facebook sosial şəbəkəsində paylaşıb.

Rasim Musabəyov isə öz Facebook səhifəsində cavab olaraq belə məzmunlu bir status yazıb:

“Hörmətli jurnalistlər, gəlin bir birimizi eşidək.

Daha bir yeni yaradılmış sayt (reaksiya.az) tanımadığım jurnalistlə danışmaqdan imtina etdiyimə görə narazılığını ifadə edib. Hətta jurnalistin tanınmağından asılı olmayaraq vəzifəli şəxsi cavab verməyi məcbur edən KİV haqqında qanuna da istinad edir.

http://reaksiya.az/news/a-reaksiya/2852-rasim-musabeyovun-tanimadii-jurnalistler-ona-zeng-vurmayin

Bu qanuna istinad yetərincə deyil. Çünki məni vəzifəli şəxs qismində deyil, politoloq kimi şərhlərim tələb olunur. Azərbaycanda 100-dək politologiya üzrə elmlər doktoru və professor var, və, əgər jurnalist məhz mənə müraciət etməyi üstün tutubsa, yəqin mənim də hüququm var ki, müəyyənləşdirim, kiminlə ünsiyyətdə olmağa üstünlük verirəm.

Orta hesabla il ərzində televiziya və radio kanallara 200-dən artıq müsahibə verirəm, 30-40 analitik məqalə yazıram, qəzet və informasiya portallarında gedən şərhlərimin sayı isə 300-400-ə çatır. İnanmıram ki, deputat və ya politoloq həmkarlarımdan kimsə KİV-lə bu qədər intensiv əməkdaşlıq etsin. Milli Məclisə deputat seçiləndən sonra da jurnalistlərə əlçatan olaraq qalıram – mobil telefon nömrəm dəyişməyib.

Lakin ölkədə hər gün yeni sayt və informasiya portalları yaradılır. Onların heç də hamısı peşəkarlıq və populyarlığı ilə seçilmirlər. Mən işlərimi kənara atıb gün ərzində naməlum KİV-in və tanımadığım jurnalistin telefonla suallarına cavab verə bilmərəm və seçim etməyə məcburam.

Yeni KİV nümayəndələri ilə o halda əlaqə qura bilərəm ki, onlar oxucuları qarşısında və informasiya məkanında öz qabiliyyətini nümayiş etdirsinlər, tanımadığım jurnalist isə öz yazılarını təqdim etmək imkanı tapsın ki, telefonla zəng vuranda tanıya bilim. Kiməsə mənim tələblərim həddindən artıq sərt görünə bilər. Lakin, mənim sağa-sola şərh verməkdən başqa digər işlərim və öhdəliklərimin də ola biləcəyini nəzərə almağınızı xahiş edərdim.

Həm özümə, həm də jurnalistlərin işinin daha rahat olması üçün mütəmadi olaraq beynəlxalq və ölkədaxili siyasət haqqında kiçik məqalə və şərhlərimi facebook-da yerləşdirirəm. Hələ ki, dost qalaraq bu imkandan faydalanın - sonrasına da baxarıq”.

 

Şərhlər

Çox oxunanlar