Danışıqlar aparmağa gərək yoxdur - Bayramov
23.10.2020 15:08 Siyasi reaksiya 623
İkinci Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində heç bir gələcəyi yoxdur.
Reaksiya.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton Tayms (The Washington Times) qəzetində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir.
Nazir məqalədə bildirib ki, bütün ölkələr, o cümlədən ABŞ və Rusiya, hətta Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun tərkibində danılmaz yerini təsdiq edir:
“Danışıqlar aparmağa gərək yoxdur, Azərbaycanın tərkib hissəsi kimi bir torpaqda sülh içində birgəyaşayışın yollarını axtarmaq lazımdır. Bu, mümkündür. Azərbaycanda sülh və əmin-amanlıq şəraitində sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər xalqlar yaşayır. İşğal olunmuş ərazilər nəzərə alınmadan 30 minə yaxın erməni Azərbaycanı öz evi adlandırır. Bura monolit etnosun və ya vahid dinin yeri deyil”.
Nazir qeyd edib ki, bununla belə, Ermənistanın indiki hökuməti hazırda öz destruktiv siyasətini davam etdirir:
“Azərbaycan Ermənistanla qonşu kimi sülh və çiçkələnmə şəraitində yaşamaq istəyir. Bizim bütün problemlərimiz erməni işğalı və sülhü üçün yeganə şərt olan qoşunların öz ərazilərimizdən çıxarılmasının icra olunmaması ilə əlaqədardır. Biz başqa cür yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunun əsasında biz müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”.
Şərhlər