Azərbaycanın atmağa məcbur ola biləcəyi addımların... - Hikmət Hacıyev

24.10.2020 17:45     Siyasi reaksiya     563

Ermənistanın öz ərazisindən Azərbaycan ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır:

"Bu il 12 iyulda Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hücumları da təcavüz aktı kimi qiymətləndirilmişdi. Bu kimi təcavüzkar aktlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Azərbaycana qarşı gücdən istifadə etməsi Ermənistanın açıq-aşkar Azərbaycana qarşı müharibə apardığını bir daha nümayiş etdirir. Hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır.

Bununla, Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Prezidentin köməkçisi vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur:

"Azərbaycan Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünü müdafiə məqsədilə hərbi təcavüz və hücum hallarının qarşısını almaq üçün legitim hərbi hədəflərə qarşı atmağa məcbur ola biləcəyi addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar