Vəziyyətin gərgin olmasının baiskarı işğalçı Ermənistandır - Millət vəkili

26.10.2020 23:45     Siyasi reaksiya     603

Bu gün Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda həm hərb cəbhəsində, həm də diplomatik cəbhədə döyüşür. Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür. Bu təcavüzkar siyasət münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin pozulması, status-kvonun qorunması, yeni təxribatların törədilməsi, Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın gizlədilməsi məqsədinə xidmət edir.

Bu sözləri Reaksiya.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini,millət vəkili Sevinc Fətəliyeva deyib. O bildirib ki, işğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib, yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb:

“Ötən günlər ərzində güclü Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu geri oturdub, əks-hücum nəticəsində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib. Zəngilan şəhəri ilə yanaşı bır sıra yeni yaşayış məntəqələri də işğaldan azad olundu. Qələbə xəbərlərini eşitmək çox qürurvericidir”.

Ermənistanın humanitar  atəşkəsi də kobud şəkildə pozduğunu deyən millət vəkilinin sözlərinə görə, mülki insanların atəşə tutulması, xüsusilə Gəncənin ballistik raketlərlə vurulması Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətidir:

“Ermənistandan qətiyyən konstruktiv mövqe gözləmək mümkün deyil. Təbii ki, vəziyyətin bu dərəcədə gərgin olmasının baiskarı işğalçı Ermənistandır. Bununla belə, dövlətimizin başçısının dediyi kimi əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin erməni tərəfindən hələ ki,bunu görmək mümkün deyil. Hazırda müəyyən beynəlxalq dairələr döyüş bölgəsinə beynəlxalq sülhməramlıların və ya hərbi müşahidəçilərin göndərilməsi təklifləri ilə çıxış edirlər. Azərbaycan Prezidenti isə bu məsələ ilə bağlı aydın mövqeyini bildirib ki, həmsədrlərin hazırladıqları baza prinsiplərində bu məqamlar öz əksini tapır. Azərbaycan baza prinsiplərinə sadiqdir, bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Ümid edək ki, Azərbaycan Ordusunun gücü qarşısında o, ağıllanacaq və qan tökülməsini dayandırmaq üçün işğalçı qoşunlarını torpaqlarımızdan çıxaracaq. Bunu o etməsə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli oldumuz həyata keçirəcək. Məhz bundan sonra regionda davamlı sülh təmin olunacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar