İndiki məqamda intiriqalar aparmaq dövlətə, xalqa xəyanətdir - Tural Abbaslı

27.10.2020 21:30     Siyasi reaksiya     607

Bu gün ikinci Qarabağ müharibəsinin başlamasından bir ay keçir. 27 il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi 1 ay ərzində geri qaytarmışıq.

Bəs 30 gün bizə torpaqların azadlığından başqa nələri qazandırdı?

Reaksiya.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı müharibənin insanların həyatında əhəmiyyətli dəyişikliklər yaratdığını bildirib:

“Bu gün Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyir və xalqımızı ardıcıl qələbə xəbərləri ilə sevindirməkdə davam edir. Azərbaycan Ordusu dünya müharibə tarixində nadir hallarda görünən uğura imza atıb. Dağlıq Qarabağın azadlığı uğurunda gedən müharibə milli birliyin, həmrəliyin nə qədər vacib olması ilə yanaşı, daxildəki bəzi kiçik siyasi, sosial problemlərin nə qədər əhəmiyyətsiz olduğunu, vətənin, dövlətin hər şeydən üstün olduğunu göstərdi. Sanki biz yuxudan oyanıb özümüzə, kimliyimizə döndük. Həmçinin, ötən 1 ay xalqımızın bir çox yüksək keyfiyyətlərini ortaya çıxardı. Sosial şəbəkələrdə, ictimai yerlərdə insanlar bir-birinə yardım edir, dəstək olur. Bu mənzərəni görmək insana çox qürur verir. Hesab edirəm ki, xalqımız bu birliyi, əzmi müharibə başa çatdıqdan sonra da göstərəcək”.

T.Abbaslı hazırda siyasi məsələləri bir kənara qoyub, ancaq vətən üçün çalışdığını bildirib:

“Dövlətimiz müharibə şəraitindədir, hər gün şəhid və qazi xəbərləri alırıq. Belə bir gündə siyasətdən danışmaq, siyasi ambisiyalar güdmək, intiriqalar aparmaq dövlətə, xalqa xəyanətdir. Çünki birinci Qarabağ müharibəsində torpaqları itirmə səbəblərimizdən biri də məhz bu idi. Biz artıq məğlub xalq, dövlət olmaq istəmirik və bunun üçün də istər vətəndaş, istərsə də siyasi fiqurlar olaraq bütün fədakarlıqlara hazırıq. Əminəm ki, bu, təkcə mənim deyil, bütün Azərbaycan xalqının ortaya qoyduğu mövqeydir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar