Azərbaycan öz haqqı uğrunda mübarizə aparır - Binəli Yıldırım

02.11.2020 20:28     Siyasi reaksiya     575

Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım noyabrın 2-də Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib.

Reaksiya.az xəbər verir ki, B.Yıldırım İzmirdə baş verən hadisələr zamanı Türkiyənin Azərbaycanın dəstəyini daim hiss etdiyini deyib və ölkəmizə minnətdarlığını bildirib.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışan B.Yıldırım Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, qardaş ölkəni daim dəstəkləyəcəklərini vurğulayıb. O qeyd edib: “1990-cı illərin əvvəllərində Xocalıda törədilən soyqırımının, həmçinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalı qəbuledilməzdir. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan qovulub. Hazırda tərəfləri sülhə səsləyənlər o zaman baş verənləri görməzdən gəlirdilər. Vəziyyətin həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Lakin bu qrup vəzifəsinin öhdəsindən gələ bilmədi. Ona görə də Azərbaycan öz haqqı uğrunda mübarizə aparır. Türkiyə bu haqq müharibəsində hər zaman Azərbaycanın yanındadır və yanında olmağa da davam edəcək. İşğal altındakı hər bir ərazinin əsl sahibinə qaytarılması bir qardaş kimi bizi çox sevindirir”.

B.Yıldırım qeyd edib ki, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr həm bu iki ölkə, həm də Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir. Türkiyə ilə Azərbaycan arasında siyasi, sosial və digər sahələrdə əməkdaşlıq bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinə, rifahın yüksəldilməsinə yönəlib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar