BMT-də İlham Əliyevin təşəbbüsü yekdilliklə dəstəkləndi
05.11.2020 23:45 Siyasi reaksiya 560
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
Reaksiya.az-ın məlumatına görə, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
“Bu qətnaməni dəstəkləməyinizi və Baş Assambleyanın 3 və 4 dekabrda xüsusi iclas çağırmaq üçün icazə verməyinizi xahiş edirəm”, deyə BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır bildirib. Nümayəndələr təklifi dəstəkləyiblər.
Bozkir Azərbaycan liderinin təşəbbüsünü alqışlayıb: “Pandemiya ilə əlaqədar fövqəladə vəziyyət bizi ən qısa müddətdə Xüsusi sessiya keçirməyə məcbur edir. Pandemiya ilə bağlı vəziyyəti bu qədər yüksək səviyyədə müzakirə, koronavirusun yayılması ilə mübarizə üçün sonrakı hərəkətlərə təkan verəcək”.
BTM Baş katibinin sözçüsü Stepan Dujarrik ümidvar olduğunu bildirib ki, sessiya BMT-yə üzv dövlətlərə həm qısa, həm də uzun müddətdə virusla mübarizədə birlikdə hərəkət etmək imkanı verəcək:
“Baş katib (Antonio Quterreş – Red) əvvəllər də ölkələr arasında koordinasiyanın olmaması ilə bağlı məyus olduğunu dilə gətirib”.
Qeyd edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü Azərbaycanın təşəbbüsü əsasında 2020-ci ilin may ayında keçirilib. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib.
Şərhlər