Şuşanın işğaldan azad olunması: Müharibə başa çatır? - ŞƏRH

09.11.2020 13:54     Siyasi reaksiya     681

Şuşanın işğaldan azad olunması müharibənin bitməyi hesab olunmur.

Bu sözləri Reaksiya.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

“Məsələnin hərbi istiqamətdə təhlilinə gəlincə deyə bilərik ki, şimal və cənub istiqamətdə öncə qızğın döyüşlər getdi və daha sonra işğal altında olan 4 rayonun əksər hissəsini müzəffər ordumuz işğaldan azad etdi. Hazırki durumda şimaldan və cənubdan Dağlıq Qarabağın dağlıq hissəsi ətrafında, eyni zamanda Laçın istiqamətində və Ağdərə istiqamətində qızğın döyüşlər gedir”, - deyə politoloq bildirib.

Şuşadan sonrakı mərhələdə də işğalda olan digər ərazilərimizi azad etmək hədəfinin Azərbaycan silahlı qüvvələrinin qarşısına qoyulduğunu qeyd edən politoloq Şuşanın əhəmiyyətindən danışıb:  

“Şuşa Azərbaycanın tarixi şəhəridir ə bu şəhərin azad olunmasının orduda da, əhalidə də fərqli əhval-ruhiyyə yaratdığının dünən şahidi olduq. Şuşanın mədəniyyətimizə, tariximizə, mənəviyyatımıza verdiyi töhfələr əvəzsizdir. Musiqi, mədəniyyət, incəsənət və digər sahələrdə Şuşa Azərbaycan tarixinə əvəzsiz insanlar bəxş edib. Həmən insanlar sayəsində bir çox sahələr inkişaf edib. Bu gün də o inkişafın nəticələrini müşahidə edirik. Şuşa relyefi, təbiəti, turizm imkanları və digər sahələrdə çox mühüm əhəmiyyət kəsb edir.

Döyüşlərə gəlincə deyə bilərəm ki, Şuşanın dağlıq relyefi onun azad olunmasını çətinləşdirmişdi. Şuşa azadlığı uğrunda döyüşlər çox gərgin şəkildə gedib. Yaxın vaxtlarda geridə qalan işğalda olan şəhərlər, kəndlər, strateji yüksəkliklər də işğaldan azad olunacaq. Azərbaycanın suveren və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əsgəri və separatçılardan heç kəs qalmayacaq. Çox yaxın bir müddətdə müzəffər ordumuz qarşısına qoyduğu missiyanı yerinə yetirib Qələbəmizi elan edəcək”.

Nübar Lətifli \ Reaksiya.az

Şərhlər

Çox oxunanlar