“Kommersant”: “Ermənistanın sazişdən çıxması fəlakət və intihar demək olardı”
11.11.2020 16:10 Siyasi reaksiya 518
Rusiyanın “Kommersant” qəzeti analitik Maksim Yusinin müəllifi olduğu məqalə dərc edib.
Məqalədə o, Ermənistanın Dağlıq Qarabağa dair razılaşmadan çıxmasının nəyə gətirib çıxara biləcəyini araşdırmağa çalışıb.
Ermənistandakı müxalifətin və nümayişçilərin sülh müqaviləsini rədd etməkdə israrlı olduğunu deyən ekspertin fikrincə, ölkənin həmin anlaşmadan çıxması ondan ötrü fəlakət və intihar demək olardı.
Rusiyalı ekspertə görə, Şuşa şəhərinin itirilməsindən sonra müharibə İrəvan üçün artıq uduzulub.
“Müharibənin davamı əlavə minlərlə insanın mənasız ölümü və getdikcə daha ağrılı olacaq yeni məğlubiyyət seriyası deməkdir. Mövcud sülh müqaviləsindən imtina edilsə, yenisinin şərtləri ermənilər üçün indikindən də alçaldıcı olacaq. Həqiqət budur ki, Ermənistan müharibəyə tamamilə hazır deyildi” – deyə analitik qeyd edib.
Sözünə davam edən ekspert deyib: “Məğlubiyyətə uğramaq ağrılıdır. Ancaq bundan da ağrılısı hiss və emosiyaların üzərində oynayan populist siyasətçilərin arxasınca gedib ölkəni itirmək olacaq. Ermənistanın oyanmasının, özünə gəlməsinin və yeni, sərt gerçəklikdə yaşamağı öyrənməyə başlamasının vaxtıdır. Başqa bir şey olmayacaq, təəssüf ki”, - deyə o vurğulayıb.
Əlavə edək ki, bu gündən etibarən İrəvanda baş nazir Nikol Paşinyanın istefası və üç tərəfli anlaşmadan imtina tələbi ilə etiraz aksiyaları başlayıb.(musavat)
Şərhlər