Fransalı nazirin açıqlaması tamamilə qərəzlidir - XİN

11.11.2020 18:02     Siyasi reaksiya     653

Fransanın Avropa və Xarici İşlər üzrə naziri J.İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır.

Bu barədə Reaksiya.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa xarici işlər nazirinin digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur.

Fransa Xarici İşlər nazirinin ölkəsinin həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini təəssüf ki, bu illər ərzində müşahidə etməmişik. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son verilməsi və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamırıq. Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?!

Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir", - qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar