Bakının, Ankaranın və Kremlin Qarabağdan qazancı…
24.12.2020 11:26 Siyasi reaksiya 547
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən müharibədəki qələbəsi Rusiya üçün böyük diplomatik uğur, Türkiyənin regional nüfuz sahəsindəki irəliləməsi və təxminən 900.000 azərbaycanlının yaşadığı ərazini geri almağı bacaran Azərbaycan irredentizminin əsaslandırılması demək idi.
Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a ispan hərbi ekspert Villi Pulido deyib.
Onun sözlərinə görə, Rusiya Türkiyənin Qafqazda bir mövqe tutmaması üçün müharibənin başlanmasının qarşısını almaq istəyirdi:
“Lavrovun sözlərinə görə, Ermənistan barışıq prinsiplərinə əsaslanan mərhələli bir sülh prosesinə sadiq qalmışdı. Ancaq Paşinyan hökuməti əraziləri təhvil verməmək üçün bu prosesdən imtina etdi. Bu, Rusiyanın maraqlarına fayda gətirmədi, çünki Türkiyəni Azərbaycanı qorumağa və dəstək verməyə sövq etdi. Müharibə Türkiyə ilə Azərbaycan arasındakı bağları daha da möhkəmləndirirdi, bu isə Rusiyanın dominantlığı üçün böyük bir məğlubiyyətə yol açdı. Ancaq Putinin vasitəçiliyi ilə Əliyev və Paşinyan arasında son sülh razılaşması keçmiş Sovet İttifaqı ərazisində böyük türk hərbi kontingentinin yerləşdirilməsinə mane olması baxımından Rusiya üçün uğur hesab oluna bilər. Amma Rusiyanın əldə etdiyi son diplomatik uğura baxmayaraq, şübhəsiz ki, müharibə nəticəsində, dediyim kimi, Türkiyə-Azərbaycan dostluğu daha da möhkəmləndi və Türkiyə bölgədə ciddi mövqelər qazandı. Bu da öz növbəsində iranlıları narahat etdi”.
Ekspertin fikrincə, Azərbaycanın qələbəsi ilə həm də NATO və Qərb qalib gəldi:
“Fransa və Yunanıstanın Türkiyə ilə qarşıdurması olsa da, dolayısı ilə Qərb və NATO Azərbaycanın qələbəsi ilə qalib gəldi, çünki bu hadisə Rusiyaya alternativ qaz təchizatı, məsələn, sıradan çıxmış Nabukko qaz kəməri enerji təchizatı mənbələrinin şaxələndirilməsində müsbət rol oynaya bilər”.
Pulidonun sözlərinə görə, müharibə ərəfəsində ispanların Ermənistanı dəstəkləməsinin tək səbəbi onların bu haqda kifayət qədər məlumatlı olmaması idi:
“Qeyd etmək lazımdır ki, İspaniya cəmiyyəti yuxarıda göstərilənlər haqda o qədər də məlumatlı deyil. İspaniyada Qafqaz və Ermənistanla Azərbaycan arasındakı münaqişə haqqında məlumat praktik olaraq sıfırdır. Ümumiyyətlə, İspaniya ictimaiyyəti Ermənistanı sadəcə xristian ölkəsi olduğu üçün dəstəkləyirdi. Təəssüf ki, İspaniyada Azərbaycanın dünyəvi və çox müasir bir ölkə olduğu haqda kifayət qədər məlumat yoxdur”.
Şərhlər