İrəvanın “xəritə oyunu”: yeni təxribat və hərbi cinayət...

22.02.2021 14:40     Siyasi reaksiya     446

Üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə, hələ də sənədin şərhi ilə məşğul olan Ermənistan eyni zamanda siyasi təxribatlarını və hərbi cinayətlərini davam etdirir. Hazırkı mərhələdə bunu həm də “xəritə oyunu” üzərindən aparır. Daha dəqiq desək, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Səbəb kimi göstərdiyi bəhanə isə çox bəsitdir: “Bu xəritələr yoxdur”.

Reaksiya.az xəbər verir ki, bu fikirləri politoloq Nurlan Qələndərli qeyd edib.

"Təbii ki, bu ermənilərin yüzlərlə yalanından sadəcə, biridir. Şübhə yoxdur ki, minalar xəritə əsasında basdırılıb.

Təbii ki, cinayətkar dövlətin “xəritə oyunu” vasitəsilə həyata keçirmək istədiyi plan aydındır. Əvvəla, maksimum surətdə çoxlu insanın həlak olmasına çalışırlar.

İkincisi isə azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq istəyirlər.

Əlbəttə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bütün imkanlardan maksimum yararlanmaqla minatəmizləmə prosesini davam etdirir. Amma ərazinin geniş olması, minalanmış sahələrin yüzlərlə kvadrat kilometr ərazini əhatə etməsi, üstəlik Ermənistanın “xəritə təxribatı” işi çətinləşdirir.

Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların tələbidir. İşğaldan azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi məhz bu təxribatın nəticəsidir və hərbi cinayət hesab olunur. Eyni zamanda bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır ki, bunun da qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı, məcburedici tədbirlər görməlidirlər", - politoloq bildirib.

Reaksiya.az

Şərhlər