Ermənistanı Rusiyadan qopardılar - Azərbaycan üçün BÖYÜK FÜRSƏT

26.07.2021 12:51     Siyasi reaksiya     732

Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzi kimi tanıyan Avropa İttifaqı Şurası prezidentinin Cənubi Qafqaz regionuna səfərinin bəzi pərdəarxası məqamları hələ də müzakirə olunur. Azərbaycan Ermənistanın 30 illik işğalı dövründə dağıdılan şəhər və kəndlərin, habelə tarixi, dini və mədəni abidələrin bərpası üçün külli miqdarda vəsait lazım olduğunu bəyan etdiyi bir vaxtda Avropa İttifaqının Ermənistana 2.6, Gürcüstana 2.3 milyard Avro, Azərbaycana isə isə cəmi 150 milyon Avro vəsait ayrıması nə başa düşüləndir, nə də məntiqi. Bu, şübhəsiz ki, ikili standartların növbəti real təzahürüdür.

Görünür, avropalılar isə bu fərqi, - nə qədər qəribədə də olsa, - müharibənin nəticələri ilə əlaqələndirirlər. Amma özü-özlüyündə bu addım işğalçının 30 il təcavüz qurbanı olan ölkədən çox dəstəklənməsindən, ona bu əməlinə görə haqq qazandırmaqdan başqa bir şey deyil. Heç şübhəsiz ki, Ermənistana ayrılan bu məbləğ onların qarşısına qoyulacaq yeni şərtlər, yeni arqumentlərə səbəb olacaq.

Amma müharibənin hansı nəticəsindən söhbət gedir?

Prezident İlham Əliyevin Goranboy, Naftalan, Daşkəsən rayonlarına səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində işlətdiyi "Bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə 30 il müddətində bu məbləği verəydilər də. Niyə məhz indi verirlər? Əgər belədirsə, müharibədən ən çox əziyyət çəkən Azərbaycandır. Bu vəsait Azərbaycana verilməlidir. 10 min km/kv ərazi erməni vandalları tərəfindən tamamilə dağıdılıb, məhv edilib" bu ifadələrlə də bir daha 100 minlərlə minanın döşəndiyi ərazinin Azərbaycan ərazisi olduğunu, bütün tikililərin, infrastrukturun məhv edildiyini, amma pulun Ermənistana verilməsini növbəti ədalətsiz qərar kimi açıq şəkildə bəyan etdi. Baxmayaraq ki, 44 günlük müharibə zamanı Ermənistanda bir dağıntı olmadı, çünkü müharibə məhz Azərbaycan ərazisində getdi. 

Amma ədalətsizliyin apogeyi hesab edəcəyimiz bu ikili standartlar fonunda Azərbaycan regionun iqtisadi gəlirinin 60%-nə sahib dövlət kimi Cənubi Qafqazın ağası imkanını əlində saxlayır. Baxmayaraq ki, ümumilikdə dünyada qlobal iqtisadi böhranın davam edir, lakin dövlətin apardığı uzaqgörən iqtisadi - siyasi islahatlar, verilən qərarlar nəticəsində iqtisadiyyatımızın artım tempi yüsələn xətt üzrə irəliləməkdədir. Bunu elə Prezidentin son müsahibəsində də açıqladığı rəqəmlərdən ayın görmək mümkündür. Son 6 ayın iqtisadi göstəricilərinə nəzər salsaq artım tempinin 2% olması dünyada bir sıra ölkələrlə müqayisədə müsbət haldır. Son göstəricilərə nəzər saldıqda qeyri-neft sektorunda 5%, kənd təsərrüfatında 5,6 faiz artım müşahidə edilib. Hazırda dünyada borclanmanın sürətlə yayıldığını nəzərə aldıqda bu sahədə də ölkəmizin vəziyyəti dünyada kifayət qədər yaxşı hesab edilir. Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, isə, dünyada çox nadir halda rast gəlinən məsələdir.

Sadalananlar iqtisadi göstəricilər bir daha göstərir ki, Azərbaycanın müharibədən çıxmasına və qlobal pandemiyanın dünyada dərin iqtisadi böhran yaratmasına baxmayaraq, respublikada hər sahədə olduğu kimi dövlət üçün vacib sayılan iqtisadi sahədə də inkişaf müşahidə edilməkdədir. Lakin Aİ-nin Ermənistan sevdası bu gün hərbi-siyasi hakimiyyətdəki kadr islahatlarda artıq açıq-aydın sezilməyə başlayıb. Nikol Paşinyan uzun illərdir Ermənistanda mövcud olan xarici siyasət kursunda artıq ciddi dəyişikliklərə başlayıb. Hökumətdəki son kadr dəyişiklikləri bunu deməyə əsas verir. Paşinyan artıq əsasən anti-Rusiya mövqeyi ilə seçilən şəxsləri vəzifəyə təyin edir. Buna misal olaraq Paşinyanın rusiyapərəst şəxsləri - Vaqarşak Arutyunyan kimilərini işdən çıxararaq, əvəzində Qərb mərkəzləri ilə əməkdaşlıq edən şəxsləri vəzifəyə gətirir. 

Paşinyanın bu addımları ölkə rəsmilərinin, eləcə də rusiyalı sülhməramlıların diqqətini çəkməkdədir. Ermənistanın Hraparak qəzetinin məlumatında da bu qeyd edilir ki, Zəngəzurda olan ermənilərlə söhbət zamanı da sülhməramlılar bundan narahatlıqlarını ifadə edirlər. Hətta Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyətinin günahkar olduğunu bildirirlər. Onlar iddia edirlər ki, bu gərginlik Qərb qoşunlarını Ermənistana yerləşdirmək məqsədilə edilir. Hətta Aİ-nin bu addımı ilə bağlı iddialar daha çox Ermənistanı Rusiyanın nəzarətindən çıxartmağa hesablandığı istiqamətindədir. 

Sülh sazişindən danışıldığı belə bir vaxtda Ermənistan-Azərbaycan sərhəddində təxribatların artıq müntəzəm xarakter aldığını görürük. Bu isə artıq Avropa İttifaqının şərtlərinin Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən icrasının başladığı deməkdir. Çünkü Aİ 44 günlük müharibədən sonra Azərbaycanın regionda yeni yaratdığı hazırki status-kvonun mövcudluğu ilə barışmaq istəmir. Səbəb isə postkonflikt dövrü ilə bağlı nəhəng layihələrin (Zəngəzur dəhlizi kimi - red) həyata keçirilməsinə mane olmaqdır. Ancaq real vəziyyət bu vəzifə üzrə perespektivin omadığını göstərir. Hazırda Ermənistan siyasi xaos uçurumdadır. Orada parlament seçkiləri keçirilsə də bu ölkənin sabit bir gündəmi yoxdur və belə görünür ki, hələ uzun müddət də olmayacaq. 

Çünkü Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan nazirlər kabinetinin iclası zamanı sülh danışıqları ilə bağlı açıqlaması belə düşünməyə əsas verir. Paşinyan çıxışı zamanı bildirib ki, "Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaqda qərarlıdır". Lakin Ermənistan tərəfi sülh danışıqları üçün bir neçə şərt irəli sürüb və bildirib ki, Azərbaycan ordusu onların iddia etdiyi kimi Ermənistan ərazisindən geri çəkilsin, Qarabağın statusu məsələsi müzakirə edilsin, Minsk qrupunun fəaliyyəti istiqamətində danışıqlar bərpa edilsin. Bunun bir adı var, sülh sazişindən imtina, ərazi iddiasından əl çəkməmək, revanşist meyilləri artırmaq. 

Azərbaycan yenə təmkinli davranışı ilə diqqət çəkir. Amma bu, rəsmi Bakının İrəvandan gələn sərsəm, revanşist bəyanatlarına sonsuz dözüm nümayiş etdirəcəyi demək deyil, necə ki, 8 ay əvvəl buna bütün dünya şahid oldu. Azərbaycanın yaratdığı yeni reallığı artıq bütün dünya qəbul etməyə başlayıb - "Dağlı Qarabağ" adlı ərazi vahidi yoxdur, "Qarabağ münaqişəsi" termini bitdi, status-kvo məsələsi isə Prezident İlham Əliyevin də dediyi kimi gorbagor oldu. Ermənistanın regiona üçüncü qüvvələri cəlb etmək cəhdləri bu adda ölkənin ümumiyyətlə regionda varlığının sual altına düşməsi ilə nəticələnə bilər. Bununla bağlı artıq Azərbaycan Prezidenti müxtəlif platformalardan, kürsülərdən Ermənistana və onun havadarlarına xəbərdarlıq edib.(milli.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar