Azərbaycan Yüksəliş Partiyasının heyəti Şimali Kipr Türk Respublikasında (KKTC) prezident Ersin Tatar ilə görüşüb.
Partiyanın sədri Anar Əsədli AY Partiya haqqında məlumat verərək, KKTC-yə səfərin məqsədi barədə danışıb.
Reaksiya.az xəbər verir ki, AY Partiya Başqanı ölkələrimiz arasında münasibətlərə toxunaraq, iki ölkənin siyasi partiya və QHT-i arasında əlaqələrin çox aşağı səviyyədə olduğunu bildirib, bu problemin həlli üçün görülməli olan işlərdən danışıb.
Siyasi partiyaların dövlətin xarici siyasətində aktiv rol almasının, bəzən hakimiyyətlərin, dövlət qurumlarının açıq ifadə edə bilmədiyi məsələləri gündəmə gətirməli olduğunu bildirən, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli KKTC-nin müstəqilliyinin tanınması mövzusunu da siyasi təşkilatlar dilə gətirməli, üç ölkənin – Türkiyə, Azərbaycan və Şimali Kiprin partiyaları bu məsələdə ortaq hərəkət etməli olduğunu qeyd edib.
Görüşdə prezident Ersin Tatar artıq 1 millət, 3 dövlət olduğumuzu diqqətə çatdıraraq, birgə fəaliyyətin arzulanan nəticə verəcəyini vurğulayıb.
Daha sonra Ersin Tatara Azərbaycan bayrağı, Qarabağ zəfərinin simvolu olan "Xarı bülbül" nişanı, Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 1918-ci ilə ithafən 1918 nüsxə çap edilən "Əsrimizin Siyavuşu" kitabın hədiyyə edilib.
Prezident isə Azərbaycan Yüksəliş Partiyasına köhnə Lefkoşanın qapısının tablosunu bağışlayıb.
Şərhlər