İlham Əliyev Ermənistana və havadarlarına ciddi mesajlar verdi

16.08.2021 13:14     Siyasi reaksiya     920

Prezident, Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurub. Dövlətimizin başçısı həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verdi.

Düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər. Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən rəsmən təslim olduğunu etiraf etdi. Bundan sonra ermənilərin yenidən baş qaldırmaları mümkün deyil.

Publika.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu fikirləri Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev informasiya cəbhəsində də qələbəmizin təmin olunmasında mühüm addımlar atdı. Müharibə davam edən ərəfədə dövlətimizin başçısı dünyanın 30-dan artıq aparıcı KİV-lərinə, o cümlədən tanınmış televiziya kanallarına müsahibələr verdi. Müzəffər Ali Baş Komandanın dünyanın tanınmış telekanallarına və media nümayəndələrinə verdiyi müsahibələrdə münaqişənin yaranma səbəblərindən, Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsindən, dünyada baş alıb gedən ikili standartlardan, islamofobiyadan, dövlətlər arasında ayrı- seçkilikdən, həmçinin beynəlxalq hüquq normalarına hörmətsizliyə qarşı heç bir tədbir görülməməsi barəsində ətraflı məlumat verdi. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Ermənistan qonşu dövlətlərin torpaqları hesabına hələ də “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkməyib və öz ərazisini bu yolla daha da genişləndirmək istəyir. Təəssüf ki, beynəlxalq aləm, xüsusilə Qərb və Avropanın bir sıra dövlətləri, o cümlədən qərəzli beynəlxalq təşkilatlar Ermənistanın faşizmə xas olan siyasətini biganəliklə qarşılayır, işğalçı ölkəyə heç bir sanksiya tətbiq etmirdilər.

Ç.Qənizadə deyib ki, dövlətimizin başçısı son müsahibəsində bir çox məqamlara toxundu və Ermənistanda baş qaldıran revanşistlərə, o cümlədən onları silahlandıranlara, himayədarlıq edənlərə ciddi mesajlar verdi, xəbərdarlıq etdi. Komitə sədri bildirib ki, jurnalist Şuşadan, Ağdamdan, Cəbrayıldan və digər rayonlardan olan insanlarla görüşü barədə bəhs edərək bildirib ki, onların hamısı illərdir yurd həsrətini qəlbində daşıyıb. Hamısı indi yenidən oralara – doğma ata-baba yurdlarına, torpaqlarına geri qayıtmaq istəyirlər. Bu insanlar çox acılar çəkib. İnşallah, bundan sonra üzləri həmişə gülər, bir daha belə bir acı yaşamazlar. Dövlət başçısı bununla bağlı suala cavabında ermənilərin işğal dövründə törətdikləri insanlığa xas olmayan vəhşilikdən, vandalizimdən söhbət açaraq deyib ki, yurd həsrəti ilə yaşayanların sevinci bizim sevincimizdir. Mənim üçün ən sevincli günlər onların sevincini görməkdir. Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, doğma ocaqlarına qayıtmaq istəyirlər. Ancaq çox yaxşı bilirlər ki, orada bütün evlər, şəhərlər dağıdılıb.

Ç.Qənizadə qeyd edib ki, Prezident İlham Əliyev jurnalistin Laçın dəhlizi ilə bağlı sualına qəti cavab verdi. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu hal hazırda da davam edir. Prezident bu barədə bir neçə dəfə şifahi qaydada iradlarını bildirdiyini diqqətə çatdırdı. Vurğuladı ki, bunun nəticəsi olmadığından rəsmi qaydada irad bildirildi.

Hüquq müdafiəçisi Laçın dəhlizinin tamamilə ordumuzun gözü qarşısında olduğunu bildirərək deyib: “Prezident İlham Əliyev də bunu diqqətə çatdırdı. Dedi ki, siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada, təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur”.

Ç,Qənizadə dövlət başçımızın müsahibəsinin geniş əks-səda doğurduğunu, artıq bir neçə ölkənin kütləvi informasiya vasitələrində dərc olunduğunu bildirib. Ermənistan bundan ciddi nəticə çıxarmalı, son variant kimi sülh danışıqlarına razılıq verməlidir. Əgər buna razılıq verməsələr, sonrası onların özləri üçün pis olacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar