Laçındakı təlimlər nəyə hesablanıb? - İrəvanı narahat edən nüanslar

08.09.2021 13:40     Siyasi reaksiya     532

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

 
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
 
Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
 
Laçında keçirilən birgə hərbi təlimlərin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. İşğaldan azad olunmuş ərazilərdə ilk dəfədir ki, Azərbaycan və Türkiyə birlikdə təlimlər keçirir. Bu, həm də həmin ərazilərdə ordularımızın birgə addım atacağına bir mesajdır. 
 
“Birgə təlimlər düşmənə qarşı hərbi-siyasi təzyiq vasitəsidir”
 
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sayı əvvəlki illərə nisbətən 2-3 dəfə artıb. Onun sözlərinə görə, Şuşa bəyannaməsinin imzalanmasında sonra tərəflər daha intensiv şəkildə əməkdaşlıq edirlər.
 
"Buraya həm hərbi, həm də hərbi-texniki sahədə əməkdaşlıq aiddir.  Demək olar ki, hər ay bir neçə birgə təlim keçirilir. Təlimlərin məqsədləri, hədəfləri fərqli olsa da, onların nəticə etibarı ilə hər iki qardaş ölkənin silahlı qüvvələrinin daha yüksək döyüş potensialı əldə etməsinə hesablanmış bir addım kimi dəyərləndirə bilərik. Hərbçilərimiz həm Türkiyə, həm də Azərbaycan ərazisində olmaqla, çox fərqli formatlarda təlimlərə qatılıb. İlk dəfədir ki, Azərbaycan Şərqi Zəngəzur ərazisində Türkiyə ilə birgə döyüş atışlı təlimlər keçirir. Bu təlimdə hər iki ölkənin şəxsi heyəti vahid şəkildə şərti düşmən hesab olunan hədəflərə doğru atəş açırlar. İkitərəfli birgə döyüş atışlı təlimlər uzun hazırlıq müddəti tələb edir. Bu təlimlər öncədən hazırlanmış təlim poliqonlarında həyata keçirilir. Azərbaycan tərəfi belə bir təlim poliqonunu məhz Laçın ərazisində yaratmağa nail olub. Təlimlərdə hər iki qardaş ölkə hərbçilərinin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsindən ibarət olacaq. Bundan başqa, komandirlərin qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsində təlimlər müsbət rol oynayacaq. Təlimə cəlb olunan heyətin, texnika və vasitələrin sayı açıqlanmasa da, zirehli vasitələrin, müxtəlif çaplı artilleriya qurğularının, yük, sərnişin nəqliyyat vasitələrinin şəxsi heyət və onların ştat üzrə silahlarının təlimlərə cəlb olunması gözlənilir. Bu təlimlər hücum xarakterlidir. Çətin relyef ərazisində şəxsi heyət ona həvalə olunmuş texnikalardan, şəxsi və kollektiv silahlardan döyüş atışlarını icra edəcəklər. Təlimlərin həm də gecə və gündüz şəraitində keçirilməsi mümkündür".
 
Ekspert qeyd edib ki, hərbi peşəkarlıq, heyətlərin bacarığının artırılması baxımından təlimlər Azərbaycan və Türkiyə üçün çox əhəmiyyətlidir.
 
"Təlim Şuşa bəyannaməsinin imzalandığı ərazidən cəmi 25 kilometr kənarda keçirilir. Zəngəzur dəhlizinin açılması müqabilində ermənilərə təqdim edilən Laçın dəhlizi bu təlimlərin keçirildiyi ərazidən gözlə görünən məsafədədir. Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunun bir hissəsi də təlim iştirakçılarının birbaşa nəzarət zonasına daxildir. Odur ki, bu təlimlər düşmənə qarşı hərbi-siyasi təzyiq vasitəsi kimi qəbul edilməlidir. Daha əvvəl də bildirilmişdi ki, Ermənistan Zəngəzur dəhlizini açmasa, bunu silah gücü ilə edəcəyik. Belə bir bəyanatın icrası istiqamətində ordularımız da real addım atmalı idilər. Bunu həm də Naxçıvanda keçirilən təlimlərlə nümayiş etdirdik. İndi isə ilk dəfə Türkiyə ilə Azərbaycan Şərqi Zəngəzurda ermənilərin təxribatlara meyilli olduğu və imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirmədiyi ərazilərin tam yanında təlimlər keçirir. Bu təlimlər təbii ki, Ermənistan tərəfini narahat edir. Çünki 30 illik işğal dövründə Ermənistan tərəfi bizim şəhidlərimizin məzarlıqları üzərində təlimlər keçirdi. Ermənistan işğal dövründə evlərimizlə, şəhidlərimizin və orada məzarları olan soydaşlarımızın başdaşları ilə, məzardakı cəsədləri ilə savaşdı. Belə bir təlimin keçirilməsi və bundan onların narahat olması normaldır. Hamı bilməlidir ki, Azərbaycan əsgəri heç vaxt Ermənistan ordusu kimi maddi və qeyri-maddi varlıqlarla deyil, yalnız döyüş meydanında düşmən əsgəri ilə savaşıb, bundan sonra da belə olacaq. Bizim evlərlə, məzarlarla, qəbiristanlıqla işimiz olmaz. 
 
Azərbaycan qalib tərəf kimi birgə bəyanatın şərtlərində qeyd olunan maddələrin yerinə yetirilməyəcəyi müddətdə Ermənistana qarşı hərbi-siyasi təzyiqlərini davam etdirəcək. Bu, bütün dünyada qəbul edilmiş formuladır. Ermənistan da bununla barışmaq məcburiyyətindədir. İstəyirlərsə bu təzyiqlər sona çatsın, o zaman birgə bəyanatın şərtlərinə əməl etsinlər", - deyə Ə.Verdiyev vurğulayıb.
 

Şərhlər

Çox oxunanlar