"Rusiyanın Azərbaycanda RLS tikməsi şübhə doğurur"
18.08.2015 14:36 Siyasi reaksiya 2553

Rusiya 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” Radiolokasiya sisteminin (RLS) əvəzinə “Voronej-DM” tipli yeni RLS tikintisinə başlayacaq. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin “Zvezda” telekanalı məlumat verib.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Reaksiya.az-a açıqlama verib.
Ekspert məlumatın dəqiqliyinə şübhə etdiyini bildirib: “Rusiyanın Qəbələdəki “Daryal” RLS-in əvəzinə “Voronej-DM” tipli yeni RLS tikməsinin dəqiqliyi şübhə doğurur. Rusiya tərəfi bir çox şeylər yaza bilər. Nə qədər ki Azərbaycanın və Rusiyanın bu məsələyə rəsmi münasibəti yoxdur, məlumatın dəqiqliyi şübhə doğuracaq. Hərçənd bu informasiyanı Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı yayıb, bununla belə Rusiyadakı həmkarlarımız da buna çox təəccüblənirlər”.
Üzeyir Cəfərov vurğulayıb ki, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir: “Rusiyanın Qəbələdə yerləşən “Dəryal” RLS-nin müddəti 2012-ci ildə bitdi. Hərbi obyekt bağlandı, ruslar da ölkəni tərk etdi. Amma 2017-ci ildə qayıtmaq istəyirsə, bu artıq başqa məsələdir. Bizim ölkənin qapıları hər gəlmək istəyənin üzünə açıq deyil ki. Azərbaycanın Hərbi Doktrinasında göstərilib ki, xarici dövlətin bazası, yaxud qoşunları ölkə ərazisində yerləşə bilməz. Bu qanuni sənəddir. Radiolakasiya stansiyasının ölkəmizdə qurulması üçün Azərbaycan tərəfi icazə verməlidir”.
Şərhlər