Prokuror Zakir Sultanova 12 il cəza istədi
30.11.2021 18:03 Siyasi reaksiya 391
Əbülfəz Qarayevin dövründə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
Reaksiya.az Musavat.coma istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində prokuror çıxış edib.
Prokuror Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha əvvəlki prosesdə Mədəniyyət Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı əlavə olaraq 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırıb.
Təqsirləndirilən Z.Sultanovun vəkili bildirib ki, zərərçəkmiş ittiham aktında göstərilən zərərin 4 milyon manatını ödəyib. 1,3 milyon manat isə depozitdədir. Ona görə də vəkil iddianın əsassız olduğunu bildirib.
Məhkəmə mülki iddianı qəbul edib.
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Zakir Sultanov ittihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.
Şərhlər