ARDNF-nin mənfəət neftinin və qazın satışı üzrə daxilolmaları gələn il 5 mlrd. dolları ötəcək
06.12.2021 11:58 Siyasi reaksiya 372
2022-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxilolmaları 5 046,5 mln. ABŞ dolları və ya 8 578 995,4 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2020-ci ilin müvafiq icra göstəricisindən 1 991,7 mln. manat və ya 30,2%, 2021-ci ilin proqnoz göstəricisindən 2 139,7 mln. manat və ya 33,2% çox və gözlənilən icra göstəricisindən 2 024,2 mln. manat və ya 19,1% azdır.
APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.
Rəydə qeyd olunur ki, mənfəət neftinin və qazın satışı üzrə təqdim edilən məlumatlara əsasən 2022-ci ilin proqnozunda Azəri-Çıraq-Günəşli yatağında neft hasilatının gündəlik həcmində azalma müşahidə edilməsinə baxmayaraq, yeni bağlanan müqavilələrə əsasən "Şahdəniz" yatağından çıxarılan qazın satış qiymətinin əhəmiyyətli dərəcədə artması bu yataq üzrə dövlətin payına düşən gəlirlərin artmasına səbəb olacağı qənaətinə gəlməyə əsas verir ki, bu da 2022-ci ildə Fondun mənfəət nefti və qazın satışı ilə bağlı proqnozundan təxminən 6-7% ətrafında əlavə gəlir gətirməyinə şərait yaradacaq.
"Yuxarıda qeyd olunanları nəzərə alaraq Fondun büdcə ili ərzində nəzərdə tutulan proqnozdan artıq gəlirlərinin yaranması hazırda müzakirəsi davam edən icmal büdcə göstəricilərinə təsirini şərtləndirir ki, bu da öz növbəsində qeyd edilən gəlirlərin icmal büdcə gəlirlərində əks olunması qənaətinə gəlməyə əsas verir", - palatanın rəyində deyilir.
Həmçinin vurğulanır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən orta neft qiymətləri üzrə 2022-ci il proqnozlarını yüksəltməsi, həmçinin neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə yüksəlməsi növbəti ildə mənfəət neftinin və qazın satışı üzrə gəlirlərinin proqnozdan daha da artıq olması ehtimalını artırıb.
Şərhlər