Ermənistanda yerli seçkilər - Paşinyanın partiyası yenə öndədir
06.12.2021 12:58 Siyasi reaksiya 383
Ermənistanda dekabrın 5-də keçirilmiş yerli seçkilərin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, 9 vilayətin 36 yaşayış məntəqəsini əhatə edən seçkilərə ölkə və yerli miqyaslı 130 partiya və blok, 4,2 minə yaxın namizəd qatılıb.
Reaksiya.az Musavat.com-a istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyası hakim Vətəndaş Sazişi Partiyasının ümumilikdə 50 faizdən çox səs topladığını, 36 yerli məclisin 16-da qalib gəldiyini bəyan edib.
Vətəndaş Sazişi Partiyasına baş nazir Nikol Paşinyan sədrlik edir. O, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq təkbaşına hökumət qurub.
2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. 20 iyun seçkisində Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentə 71 deputat yeri qazanaraq hökumət qurmaq hüququ əldə edib.
Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir postuna təyinat alıb.
Şərhlər