Prezidentin köməkçisi: “İnformasiya savaşında həqiqəti dünyaya çatdırdıq”

11.12.2021 15:20     Siyasi reaksiya     413

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini dünyanın susqunluğu fonunda aparırdı.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi deyib ki, Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürülsə də, müharibədən əziyyət çəkən xalq kimi ermənilər təqdim edilirdi.

“Bu yalanların fonunda Qarabağ savaşının ilk günlərindən biz uzunmüddətli bir yola çıxdıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin beynəlxalq aləmə koordinasiya olunmuş şəkildə vahid mesaj kimi çatdırılması idi. Belə siyasət formalaşdıraraq erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətinə mübarizə aparmaq üçün yola çıxdıq. Bu müddət ərzində üstünlüklərimiz də oldu. Çətin mübarizə olsa da, informasiya savaşında da həqiqəti dünyaya çatdırmağa nail olunub. Bu, xüsusilə 27 sentyabr 2020-ci ildə özünü doğrultmuş oldu. Bu tarixdə Ermənistan yenə də Azərbaycana, Azərbaycan xalqına və mülki insanlara qarşı müharibəyə start verdi. Azərbaycan xalqı isə haqq səsini ucaldaraq öz haqlı mübarizəsinə başlamış oldu. Burada da strateji kommunikasiyanın qurulması əsas hədəfimiz idi. Çünki yenə də Ermənistan tərəfindən ölkəmizə qarşı informasiya savaşı, erməni təbliğatı aparılırdı. Dünya mediasında bir çox qapılar Azərbaycana qarşı bağlı qalmaqda davam edirdi. Dünya mediasında monopolist informasiya inhisarçılığı olaraq qarşımızda böyük sədlər var idi. Bu mənada Prezident İlham Əliyev dünya mediası ilə birbaşa əlaqə quraraq Azərbaycanın apardığı strateji kommunikasiyanın ön sırasında mübarizə apardı. 44 günlük savaş dönəmində demək olar ki, hər gün dünyanın ən aparıcı televiziyaları və agentlikləri ilə Prezident İlham Əliyevin müsahibələri təşkil olundu. Bu, informasiya savaşında da sərhədi yarmağımız üçün ən effektiv mübarizə üsulu idi”, - H.Hacıyev qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar