Delimitasiya prosesi sərhəddə təxribatlara son qoyacaqmı?
14.12.2021 13:59 Siyasi reaksiya 378
“Bu, uzun və bir qədər çətin prosesdir, lakin təcrübələr göstərir ki...”
Sərhəddə gərginliyin qarşısının alınmasının yeganə yolu delimitasiya prosesidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Dövlət sərhədlərində gərginliyin yaşanmamasının ən düzgün və yeganə yolu delimitasiya prosesinə başlamaqdır”, - Bayramov bildirib.
Bəs delimitasiya, demarkasiya prosesləri başa çatdıqdan sonra Ermənistanın sakit qalacağı, öhdəliklərə əməl edəcəyi qarantiyalıdırmı? Son 13 ayda Ermənistan üzərinə götürdüyü öhdəliklərə, imzaladığı sazişlərə əməl etmirsə, delimitasiyadan sonra edəcəkmi? Bunun hansı formada məcburetmə mexanizmi olacaqmı?
Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirib ki, Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik artıq uzun müddətdir davam edir və noyabr ayının 16-da Ermənistan tərəfindən genişmiqyaslı təxribat da məhz sərhəddə baş verib. Delimitasiya və demarkasiya prosesi ölkələrin bir-birinin sərhədlərini, ərazi bütövlüyünü tanımaqla yekunlaşmalıdır. Delimitasiya prosesi uzun və bir qədər çətin prosesdir. Lakin Azərbaycan tərəfi Rusiya ilə Gürcüstanla da bu prosesi icra edib: “Yəni müsbət təcrübələr var. Delimitasiyadan sonra demarkasiya işləri icra olunur. Noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin keçirilən görüşündə imzalanmış bəyanatda da bu məsələ vurğulanıb və Rusiya tərəfi bu prosesdə məsləhətçi qismində iştirak edəcək. Hətta belə iddialar da var idi ki, Rusiya Müdafiə Nazirliyinin baş qərargahında olan sovet dövrünə aid xəritələri müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin ilk komandanı general Rüstəm Muradov İrəvana aparıb və bu məsləhətləşmələr prosesində Rusiya tərəfindən məhz Rüstəm Muradov iştirak edəcək. Çünki Muradov regionu yaxşı tanıyır və sair. Lakin delimitasiya ilə bağlı yekun və qəti qərar ifadə olunmayıb. Ermənistan bu prosesdən sanki yayınmağa çalışır. Təbii ki, delimitasiya prosesinə başlanılması və sərhədlərin düzgün şəkildə nişanlanması və daha sonra dövlət sərhədinin müəyyənləşdirilməsi gərginliyin aşağı salınması üçün əhəmiyyətli ola bilər. Ancaq bu, Ermənistan tərəfindən edilən hərbi təxribatların tam şəkildə qarşısını alacağının təminatı hesab oluna bilməz. Çünki Ermənistanın təxribatçı, işğalçı xislətli bir ölkə olduğu bəllidir. Ermənistan sərhəd xətti mövcud olan Türkiyəyə belə, ərazi iddiaları ilə çıxış edən bir ölkədir. Ermənistan əlinə düşən hər bir fürsətdə təxribatlar törətməklə regionda təhlükəsizlik mühitinə zərbə vurur”.
Ekspert qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatından 13 ay keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə bir ölkənin delimitasiya prosesi zamanı, hətta demarkasiya zamanı sakit dayanacağını, heç bir təxribata əl atmayacağını gözləmək özümüzü aldatmaq olardı: “Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməsi üçün ona qarşı ciddi şəkildə təzyiqlər olmalıdır. Bu təzyiqlərin olmasından sonra Ermənistan sülhə məcbur edilə bilər. Ermənistan böyük sülh sazişinə imza atıb Azərbaycanın ərazi bütövlüyünü tanımayınca istənilən an təxribatlara əl atması gözləniləndir. Sülhə məcbur etmə mexanizmləri isə daha çox Rusiyanın əlindədir. Rusiyanın Ermənistana iqtisadi, siyasi təsirləri var. Çoxsaylı təsir mexanizmləri var ki, onlardan bir neçə ciddisi işə salınarsa Ermənistan tab gətirməyib üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.
Şərhlər