Ermənilər azərbaycanlı girovu bir həftəyə buraxır - RƏSMİ

19.08.2015 02:22     Siyasi reaksiya     1801

İyulun 23-dən Ermənistanda saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini, üç uşaq atası Turqay Mikayılov bir həftəyə evində olacaq.

Reaksiya.az-ın məlumatına görə, bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili deyib: “Bu məsələ ilə bağlı dövlət rəsmiləri ilə danışmışam. Biz heç vaxt imkan vermərik ki, Gürcüstan vətəndaşı olan hər hansı bir insan, o cümlədən Turqay Mikayılov diqqətdən kənar qalsın və onların hüquqları pozulsun. Gürcüstan dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır”.

Qubernator T. Mikayılovun necə və hansı şəraitdə Ermənistan ərazisində saxlanıldığının araşdırıldığını da söyləyib: “Dəqiq deyirəm ki, bir həftəyə Turqay Mikayılov ailəsinə qovuşacaq”.

P. Xizanişvili T. Mikayılovun ailəsinə baş çəkildiyini və onlara yardım ayrıldığını da bildirib.

Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Turqay Mikayılovun qohumu Bahar Mikayılova deyib ki, hadisə iyulun 23-də baş verib:

“Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı İrəvana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır".

 

Şərhlər

Çox oxunanlar