Vüqar Səfərlinin vəkili məhkəməyə gəlmədi - Digər vəkillər bəraət istədi

15.12.2021 08:22     Siyasi reaksiya     469

KİVDF sabiq icraçı direktoru Vüqar Səfərli və digərlərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Vüqar Səfərli və Nadir Məmmədovun vəkilləri məhkəməyə gəlməyib.

Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Xarlrladaq ki, prokuror çıxışında təqsirləndirilən Vüqar Səfərliyə 11 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.

Hazırda ev dustaqlığında Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsi istənilib.

Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı üzrə Dövlət Komitəsi tərəfindən qaldırılan mülki iddianın da təmin olunmasını istəyib.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub. Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar