İlham Əliyev Paşinyanla görüşündən danışıb
16.12.2021 10:02 Siyasi reaksiya 417
Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanla dünənki görüşü dəyərləndirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib.
Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib.
Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb.
Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb.
Dövlət başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlət başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.
Şərhlər