“Media haqqında” qanun jurnalistlərə nə vəd edir - ekspertlərin fərqli mövqeyi
16.12.2021 14:22 Siyasi reaksiya 401
“Media haqqında” qanunda jurnalistlərlə bağlı maraqlı güzəştlər var. Məsələn az faizlə, güzəştli kredit götürmək imkanları göstərilir. Başqa nələr var qanunda? Yaradıcılıq imkanlarından, jurnalist azadlığından başqa qanunda jurnalistlərin həyat şəraitinin, şəxsi imkanlarının artması üçün daha nələr nəzərdə tutulur?
Əməkdar jurnalist Qulu Məhərrəmli musavat.com-a açıqlamasında mövzuya bu cür şərh bildirdi: “Adətən bu cür qanun layihələri müzakirə olunanda həmin qanunun subyektinə daxil olan insanlar onlara müəyyən güzəştlərin verilməsinin marağındadır.
İndi də “Media haqqında” qanunda müəyyən güzəştlər haqqında söhbət gedir. Amma onların bir çoxu dəqiq ifadə olunmur. Məsələn, güzəştlər deyəndə nəzərdə tutulur ki, bəzi mədəni-kütləvi tədbirlərə, o cümlədən muzeylərə giriş zamanı jurnalistlərə güzəştlər olunacaq. Ümumi şəkildə ifadə olunur ki, jurnalistlər üçün güzəştli kreditlər nəzərdə tutula bilər. Amma arzu edilir ki, bu güzəştlər seriyası dəqiq göstərilsin. Məsələn, vəzifələrinin icrası zamanı jurnalistlər xidməti vəsiqələrini göstərməklə nəqliyyat xərclərindən azad oluna bilərlər, hansı ki, bu, dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə mövcuddur. Və yaxud qanunda hər hansı situasiyanın işıqlandırılması zamanı, xüsusən də mürəkkəb, fövqəladə şəraitdə müəyyən orqanların jurnalistlərə köməyi təsbit olunması yaxşı olardı.
Qulu Məhərrəmli: “Qanunda müəyyən güzəştlərdən söhbət getsə də, onların bir çoxu dəqiq ifadə olunmur”
Mən şəxsən çox arzulayardım ki, hazırda jurnalistlərimizin çox yaralı yeri olan mənzil-məişət məsələsinin həlli ilə bağlı konkret müddəa olsun. Müddəa da ondan ibarət olsun ki, jurnalistlər də güzəştli ipoteka alanlar kateqoriyasına aid olunsun. Bu, çox ciddi məsələdir. Biri var ki, jurnalistlərə ev verirsən və onu özündən asılı vəziyyətə salıb daim gözükölgəli edirsən, biri də var ki, jurnalist güzəştli ipoteka alır və onun sayəsində mənzil şəraitini yaxşılaşdırır. Ona görə də bu cür müddəaların konkretləşdirilməsini istəyərdim".
Əməkdar jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd etdi ki, “Media haqqında” qanunda mahiyyət etibarı ilə hər kəsin tanış ola biləcəyi istiqamətlər var:
“Belə ki, güzəştli kreditlərin, sosial güzəştlərin, həmçinin informasiyanın tez bir zamanda əldə olunması, etibarlı mülkün formalaşması var.
Elçin Mirzəbəyli: “Məsələyə mövqe bildirən dostlarımız bir məqamı unudurlar ki...”
Amma düşünürəm ki, bu məsələyə mövqe bildirən dostlarımız bir məqamı unudurlar. Əslində bu, qanun layihəsidir. Bu, sosial paket deyil. Bu qanun layihəsində bütün məqamlar, yəni jurnalistlər üçün nəzərdə tutulacaq güzəştlər, imtiyazlar və sairə yer almayıb. Bu, sahə qanunudur və sahə qanununa edilən yeniliklər artıq digər qanunvericilik aktlarında, eyni zamanda hazırlanacaq, yəni jurnalistlərin sosial vəziyyəti ilə bağlı və yaxud onların fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı hazırlanacaq layihələr üçün hüquqi əsas yaradır. Yəni bu, sadəcə, görünən ilkin mərhələdir. Amma bu müddəalara istinad olunaraq, artıq yeni layihələr ortaya çıxacaq ki, zamanla media mənsubları əslində qanunvericilik aktında yer alan o kiçik məqamların nə qədər böyük sahələri əhatə etdiyini görəcəklər. Düşünürəm ki, məsələyə məhz bu kontekstdən yanaşmaq lazımdır.
Əslində bütün proses perspektivdədir, sadəcə olaraq, hüquqi əsaslar yaradılması üçün atılan addımlardır və məlumatım olduğum qədər də bu istiqamətdə təşəbbüslər artıq bir xeyli müddətdir ki, başlayıb".
“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı yeni qanunu çox yüksək dəyərləndirdiyini bildirdi:
“Uzun illərdir ki, qanunun olmadığı bir şəraitdə fəaliyyət göstəririk. İndi də yeni qanun layihəsi müzakirəyə çıxarılıb, artıq birinci oxunuşda qəbul olunub və demək olar ki, böyük əksəriyyət var gücü ilə bu qanuna müqavimət göstərməyə çalışır.
Aynur Camal: “Yeni qanunu qılıncla qarşılamaq əvəzinə əksinə, dəstək olmalıyıq”
Qanunsuz şərait dedikdə nəyi nəzərdə tuturam? Məlum olduğu kimi, “KİV haqqında” qanun 1999-cu ildə qəbul olunub və yalnız çap mediasını əhatə edirdi. Yəni həmin qanunda Azərbaycan mediasında çox aparıcı platforma olan onlayn, internet mediası haqqında bir müddəa, bir cümlə belə yox idi. Bununla da demək olar ki, qanunun tənzimlənmədiyi, media resurslarının, orqanlarının MMC kimi fəaliyyət göstərdiyi bir şəraitdə fəaliyyət göstərmişik. Əlbəttə ki, kifayət qədər uğurlarımız da var.
“Media haqqında” qanun haqqında deyə bilərəm ki, həmin qanunla kifayət qədər tanışam və çox yüksək qiymətləndirirəm. Təbii ki, heç bir halda ideal qanundan danışa bilmərik. Bildiyiniz kimi, Milli Məclisdə qəbul edilən qanunlar vaxtaşırı dəyişikliklərə, düzəlişlərə məruz qalıb. Düşünürəm ki, bu qanun da növbəti mərhələlərdə müəyyən düzəlişlərlə, əlavələrlə daha da mükəmməl bir hala gətiriləcək.
Lakin indiki halda düşünürəm ki, bu qanun vacibdir, mütləqdir. Çünki orada jurnalistlərin işini asanlaşdıran çox önəmli müddəalar var. Məsələn, media reysterinin yaradılması məsələsini çox yüksək qiymətləndirirəm. Çünki bu gün Azərbaycanda nə qədər media orqanları mövcuddur, onların nə qədəri hazırda işlək vəziyyətdədir, nə qədəri domen qeydiyyatından keçirilib, nə qədər azərbaycanlı jurnalist var, kimlərə jurnalist deyə bilərik, bütün bunlara aydınlıq gətirilməlidir. Bizim əlimizdə databaza olmalıdır ki, lazım gələndə ona müraciət edə bilək.
Və yaxud dövlət tərəfindən hər hansı güzəştlər veriləndə müvafiq strukturlar bilməlidir ki, ölkədə nə qədər jurnalist var və təyin olunan güzəştlərə daha çox kimlərin haqqı çatır. Düşünürəm ki, bunu qılıncla qarşılamaq əvəzinə, əksinə, dəstək olmalıyıq ki, qanun tezliklə qüvvəyə minsin.
Beləliklə, jurnalistlər üçün müəyyən güzəştlər var ki, onların həyata keçirilməsi üçün də bu qanunun qəbulu vacibdir. Məsələn, güzəştli kreditlərin verilməsi, ictimai nəqliyyatdan pulsuz istifadə olunması, muzeylərə və digər ictimai obyektlərə ödənişsiz daxil olmaq imkanları və sairə, hansı ki, bunlar bütün Avropa ölkələrində, həmçinin Türkiyə və Rusiyada mövcuddur.
Eyni zamanda düşünürəm ki, ən önəmli məqamlardan biri də jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsidir. Bu vahid vəsiqənin verilməsi də jurnalistlərə informasiya almaq prosesində daha geniş imkanlar, məsələn, rəsmi tədbirlərdə iştirak imkanları yarada bilər. Hansı ki, biz hazırda bundan çox əziyyət çəkirik".
Şərhlər