Minsk Qrupu tək “kontrabas”da qaldı - - bəs bundan sonra nə olacaq?
17.12.2021 10:58 Siyasi reaksiya 417
“Əgər bu eybəcər qurum yenidən meydana qayıtsa, Qarabağla bağlı proseslər düyünə düşəcək”
ATƏT-in Minsk Qrupunun dirçəldilməsi cəhdi növbəti dəfə fiaskoya uğradı. Bu dəfə Ermənistanın bu istəyini Avropa Birliyi rədd etdi. Belə ki, böyük ümidlərə baxmayaraq, Brüssel görüşünün yekun bəyanatında bu barədə heç bir xatırlatma olmadı. O cümlədən qondarma status məsələsi də gündəmdə olmadı.
Prezident İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində də “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib” deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, - dövlət başçısı bildirib.
Musavat.com yada salır ki, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə ediblər. Üç nazir Prezident Əliyev və baş nazir Paşinyan arasında indiyədək keçirilən görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində hiss olunan irəliləyişə nail olmaq və gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırıblar. Amma indi Avropa Birliyi də həmsədrləri gündəmdən çıxarırlarsa, o zaman ortaya haqlı sual çıxır. Tək “kontrabasda” qalan həmsədrlik institutu birdəfəlik tarix olur, yoxsa hansısa cəhdlər yenidən davam edəcək? Nəzərə alsaq ki, həm ABŞ, həm də Fransa danışıqların məhz Minsk Qrupu həmsədrlərinin nəzarətinə qaytarılması üçün daha çox cəhdlər edirlər. Bu cəhdlər bundan sonra da davam edəcək, yoxsa məsələ bitdi?
YAP-çı deputat Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın bölgədə yaratdığı reallıq artıq hər kəs tərəfindən qəbul edilir: “Avropa İttifaqı Şərq Tərəfdaşlığı 6-cı zirvə görüşünün yekunları ilə bağlı qəbul edilmiş bəyannamədə dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin dəstəklənməsinin öz əksini tapması mühüm əhəmiyyət daşıyır.
Bu, əslində Azərbaycanın yaratdığı yeni reallıqların Avropa İttifaqı tərəfindən, yəni kollektiv Qərb tərəfindən qəbul edilməsi deməkdir. Nəzərə almaq lazımdır ki, istər 44 günlük müharibə dövründə, istərsə də postmüharibə mərhələsində bəzi Avropa İttifaqına üzv olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı olduqca aqressiv mövqe nümayiş etdirir, bunu qəbul etmək istəmirdilər. Cəmisi bir il sonra isə artıq bütün Qərb kollektiv şəkildə bu reallığı qəbul edir. Özlüyündə bu, siyasi diplomatiyamızın ayrıca bir uğurudur və əldə etdiyimiz tarixi zəfərimizi daha da möhkəmləndirir. İkinci yadda qalan əsas məsələlərdən biri isə kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılması oldu. Bu isə paralel olaraq sərhədlərin delimitasiya və demarkasiyası da daxil olmaqla, digər bütün istiqamətlərdə də münasibətlərin normallaşmasını stimullaşdıracaq. Bəyannaməyə Azərbaycanın icazəsi olmadan münaqişədən əziyyət çəkənlərə humanitar məqsədlərlə yardım edilməsinin yalnız Azərbaycanın icazəsi ilə olması da konkret məzmun daşıyır. Çünki Azərbaycan ərazisində yaşayan erməni icmasına edilə biləcək mümkün yardımlar ancaq Azərbaycanın icazəsi ilə baş tutacaq. Ən əsas məsələlərdən biri isə ATƏT-in Minsk Qrupunun bundan sonrakı mərhələdə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və digər humanitar xarakterli məsələlər üzrə vasitəçi ola biləcəyinin Avropa İttifaqı tərəfindən də bir növ qəbul edilməsidir. Çünki heç bir halda bu qrupun fəaliyyəti müxtəlif səviyyəli görüşlərin heç birində danışıqların mövzusu olmadı. Beləliklə də, kənar subyektlər tərəfindən Minsk Qrupunun adının necə hallandırılması, yaxud necə manipuliyasiya edilməsindən asılı olmayaraq, artıq onun fəaliyyətinin yalnız humanitar və texniki kontekstdə rol ala biləcəyi aydın görünür".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “İstərdik ki, Minsk Qrupu həmsədrləri ilə bağlı məsələ bitsin. Amma qəti fikir söyləmək hələ çətindir. Ermənistan və onun havadarları bu qurumdan ”saman çöpü" kimi yapışıblar. Ona görə də hələ bu istiqamətdə təşəbbüslər edəcəklər. Fransa prezidentinin “iki daşın arasında” özünü ortaya atması, görüş təşkil etməsi də təsadüfi deyil. O, həm özünün də var olduğunu göstərmək istədi, həm də böyük ehtimalla həmin görüşdə həmsədrlərin arenaya qaytarılması təşəbbüsü edib, Azərbaycan prezidentini bu məsələdə razı salmağa çalışıb. Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə alınan üç tərəfli görüşdə, onun yekun bəyanatında Minsk Qrupu ilə bağlı bəndin yer almaması Azərbaycan tərəfinin uğuru kimi dəyərləndirilməlidir. Deməli, bu cür nüfuzlu təşkilat da Azərbaycanın mövqeyi ilə hesablaşır. Amma arxayın olmaq olmaz. Ermənilər təşəbbüslərini davam etdirəcəklər. Biz bilməliyik ki, Minsk Qrupu həmsədrlərinin “xortlaması”na heç bir halda yol vermək olmaz. Əgər bu eybəcər qurum yenidən meydana qayıtsa, Qarabağla bağlı proseslər çətin düyünə düşəcək".
Şərhlər