Saleh Rüstəmlinin vəkili danışdı: “Orqanizmində ciddi fəsadlar yaranıb”
18.12.2021 09:35 Siyasi reaksiya 445
Məlum olduğu kimi, dünən Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb. Bu barədə Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru, professor, S.Rüstəmlinin həkimi Adil Qeybulla bildirib. O, qeyd edib ki, S.Rüstəmli qida qəbul edib: "Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müalicə müəssisəsində aclıq aksiyası keçirən Saleh Rüstəmli ilə növbəti dəfə görüşdüm. Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşulmuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi. O, heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVID-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik. Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı”.
Vəkili Bəhruz Bayramov isə Musavat.com-a açıqlamasında isə bildirib ki, S.Rüstəmlinin səhhətində ciddi problemlər var: “Səhər saat 10.00 radələrinda yanında idim. Görüşmək istədim. Həkimlər müayinə edirlər, eyni zamanda Qırmızı Xaç Komitəsinin nümayəndələri də gəlmişdi. Onlar da müayinə ediblər. Buna görə də sadəcə telefon vasitəsilə əlaqə saxlaya bildim. Dedi ki, çıxa bilmirəm. Müalicə davam edir. Həkimlərdən biri ilə görüşdüm. 41 günlük aclıq orqanizmdə ciddi fəsadlar verib. Elə fəsadlar var ki, sonradan düzəlmə ehtimalı yoxdur. Normal şəraitdə aylarla müalicə lazımdır. Hələ də qida qəbul edə bilmir. Yalnız maye şəklində nəsə qəbul edə bilir: su, çay və s. Sabah vəziyyəti normal olsa, üz-üzə görüşəcəyik”.
Şərhlər