Sərhədlər 1974-cü ilin xəritəsi əsasında dəqiqləşəcək?
18.12.2021 13:05 Siyasi reaksiya 411
Moskva Bakı və İrəvana bunu təklif edir - iddia; ekspertlər isə deyirlər ki...
26 noyabr Soçi görüşü zamanı belə qərara gəlindi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq və bundan sonra Rusiya həmin komissiyaya yalnız konsultativ xarakterli kömək göstərəcək. Görüşdə Vladimir Putin həmçinin demişdi: “Sərhədlərin delimitasiyası və demarkasiyası üçün bizə başqa tərəf (ölkə - red.) lazım deyil”.
Brüssel görüşündə isə Şarl Mişel Avropa İttifaqı adından bəyan elədi ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün Bakı və İrəvana konsultativ platforma təklif eləməyə hazırdır. Bəs burada bir ziddiyyət yoxdur ki? Yəni həm Aİ, həm də Rusiya eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə necə töhfə verə bilər? Putin əsas kimi söyləmişdi ki, müvafiq xəritələr Rusiya Baş Qərargahındadır. Bəs Aİ-nin nəyi var və köməyi nədən ibarət ola bilər?
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, postmüharibə dövrünün həllini gözləyən siyasi məsələləri sırasında Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və bunun ardınca demarkasiya xüsusi əhəmiyyət kəsb edir: “Çünki bunlar baş vermədən digər məsələlərin həllində ciddi problemlər yaşana və böyük sülh sazişinin imzalanması mümkünsüz olar. Bu, hər kəsə məlumdur və bu mürəkkəb problemin həlli prosesində Rusiya Prezidenti Vladimir Putin ölkəsinin vasitəçilik missiyasını irəli sürüb, 26 noyabr Soçi görüşündə bu məsələdə Rusiyanın növbəti dəfə prinsipial mövqeyi ortalığa qoyulub. Həmin mövqe də ondan ibarətdir ki, Rusiya bu istiqamətdə konsultativ təkliflər verir. Bunun üçün Rusiyanın əlində müvafiq xəritələr var. Rusiya xüsusilə 1974-cü ilə aid xəritənin əsas götürülməsini təklif edir. 1926-cı il xəritəsini isə əsasən Ermənistan tərəfi gündəmə gətirir. Rusiya məhz 1974-cü il xəritəsini məsələnin həllində mühüm əhəmiyyətə malik sənəd hesab edir. Bu təklif Rusiyanın ayrı-ayrı rəsmi şəxslərinin dilindən təklif, variant olaraq səslənib.
Son günlərdə isə məlum oldu ki, Avropa İttifaqı da sərhədlərin müəyyənləşməsi prosesində fəal mövqe ortaya qoymaq niyyətindədir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel məhz iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiya məsələlərində Avropa İttifaqının kömək edə biləcəyindən danışdı. Bu kömək əsasən təcrübə məsələlərini əhatə edir. Burada müəyyən ziddiyyətlər yaranır. Çünki Rusiya bu məsələlərin tənzimlənməsində əsas oyunçu olmaq niyyətindədir. Amma Avropa İttifaqının da oxşar niyyətdə olması bu məsələ ətrafında ilk baxışda müəyyən ziddiyyətlər yaradır. Mənə elə gəlir ki, məsələdə uzlaşma mümkündür və ciddi ziddiyyət üçün əsaslar yoxdur. Xəritələr Avropa İttifaqında olmaya bilər və bu məlumdur. Ancaq Rusiyada konkret xəritələr var. Məsələnin həllində Rusiya Baş Qərargahındakı xəritədən və Avropa İttifaqının təcrübəsindən istifadə edilə bilər. Avropa İttifaqının bu sahədə yaxşı təcrübəsi var. Sülh naminə, Cənubi Qafqaz regionda davamlı təhlükəsizlik mühitinin yaranması naminə həm Rusiya, həm də Avropa İttifaqı öz əllərində olan imkanlarla töhfə verə bilər. Belə olacağına da ümid etmək olar".
Bu arada Ermənistan parlamentindəki hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Arman Yeqoyan açıqlama verərək deyib: “Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə əsaslanırıq. Ancaq Rusiya Federasiyasının Baş Qərargahında çoxlu xəritə var. Rusiya onların əsasında birlikdə hərəkət etməyi təklif edib. Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiqlənmiş, 1974-cü il tarixli sonuncu xəritə təklif edilib”.
Keçən ayın sonlarında isə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə demişdi ki, Rusiya bu işə öz köməyini təklif edib, Sovet dövrü xəritələri ancaq Rusiyada Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar.
Professor Qabil Hüseynli bildirib ki, “dəqiq xəritələr” anlayışı nisbi anlayışdır. Çünki Sovet dövründə sərhədlərin dəyişdirilməsi, xüsusilə Azərbaycan-Ermənistan sərhədlərində tez-tez torpaqdan pay edilməsi-Azərbaycan torpaqlarının ermənilərə pay verilməsi prosesi tez-tez və daha sürətlə həyata keçirilib: “1922-ci il dekabrın 30-dan, yəni SSRİ yaranandan sonra 1984-cü ilə qədər Kremlin qəbul etdiyi qərarlar əsasında Azərbaycan torpaqları kəsilərək Ermənistan deyilən respublikanın inzibati ərazisinə qatılıb. Aramızda ərazi inzibati sərhədləri mövcud olmasına baxmayaraq, dəfələrlə bu sərhədlər Ermənistanın xeyrinə dəyişdirilib və Ermənistan ərazisi genişləndirilib. Ona görə də bu gün təkcə 1974-cü il və ondan sonrakı dövrün xəritələri deyil, iyirminci əsrin əvvəllərindən indiyə qədər olan xəritələr dəqiq analiz edilməlidir. Biz SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik ərazi ilə daxil edilmişik. Bunu təsdiq eləyən sənədlər, xəritələr var. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kvadrat kilometr olub. Yəni təxminən 26 min kvadrat kilometr torpaqlarımızı SSRİ dövründə itirmişik. İtirdiyimiz ərazilər Zəngəzurdadır, Dərələyəzdədir, Göyçə mahalındadır. Bu ərazilərimiz kəsilib ”proletar beynəlmiləlçiliyi" adı altında Ermənistana verilib. Bəs bu ərazilər necə olacaq?!
Sovet dövründə hərbi-topoqrafik xəritələr məsələsində inhisarçılıq məhz Sovet Ordusuna məxsus idi. Ona görə də həmin xəritələr Sovet Ordusunun Baş Qərargahında idi. Hər il həmin xəritələr ölçülüb-biçilirdi. Lakin bu, daha çox SSRİ-nin digər ölkələrlə sərhədlərinə aid idi. SSRİ-nin daxilindəki inzibati sərhədlərin xəritələri isə o qədər ciddiyyəti ilə aparılırmırdı. Ola bilsin Rusiya Müdafiə Nazirliyində bununla bağlı hər hansı bir xəritələr olsun. Amma bu xəritələr bir daha deyirəm, müxtəlif dövrlərdə olan xəritələrin hamısı ilə uzlaşdırılaraq ölç-biç edilərək müxtəlif illərdə Azərbaycan torpaqlarının Ermənistana qatılması prosesini dəqiqliklə aşkara çıxarılmaqla istinad edilməli sənəd olaraq qəbul oluna bilər. Bu məsələlər hər halda Soçidə müzakirə olunub və Rusiyanın bununla bağlı təklifləri var. Təkliflər əvvəldən tərəflərə göndərilib. Rusiyanın təkliflərinin nədən ibarət olduğunu və sıfır nöqtəsindən, yəni İran sərhədindən başlayaraq Gürcüstanla sərhədə qədər necə müəyyənlədiriləcəyini mexanizmini hələ ki, biz bilmirik.
Xəritələrdən tutmuş, digər amillərə qədər sərhədlərin müəyyənləşməsi və təsdiqlənməsi prosesində Moskva ədalətli iştirak etməlidir. Biz əsas diqqətimizi ərazi bütövlüyümüzə və sərhədlərin tarixi sənədlərə əsasən dəqiqlədirilməsinə istiqamətləndirməliyik".
Şərhlər