Yaponiya ilə Azərbaycan hökumətinin imzaladığı sənəd deputatların fikir ayrılığına səbəb oldu
20.12.2021 15:58 Siyasi reaksiya 452
Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi geniş müzakirə olundu. Layihəni komitə sədri Sadiq Qurbanov təqdim etdi.
Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev söz alaraq layihəyə qarşı çıxdı: “Diqqəti məsələnin önəminə çəkmək üçün Yaponiya hökuməti ilə bağlanan “kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin əleyhinə səs verəcəm. Demək olar ki, dövlət müəssisələrinin Azərbaycan hökumətinin zəmanəti ilə aldığı kreditlərin effektivliyi və ya qeyri-səmərəliliyi barədə şəxsən mənim heç bir məlumatım yoxdur. Əldə etmək üçün də açıq bir resurs yoxdur. Ümumiyyətlə, ən vacib məsələ bu günə qədər alınan kreditlərlə bağlı müfəssəl, şəffaf və görülən işləri əks etdirən hesabatın cəmiyyətə açıqlanmamasıdır”.
R.Nurullayev ardınca bildirdi: “Biz bilmək istərdik ki, kredit alan müəssisələrin nə qədər borcu var, o kreditlərlə hansı işlər görülüb, hansı yarımçıq qalıb və ya kökündən edilməyib. Borcun miqdarı barədə də mərtəbəli və dolaşıq məlumatlar verilir. Borcun nə qədər olduğunu da başa düşmək üçün gərək 3-4 maliyyəçi ekspert dəvət edib hərəsinə bir kalkulyator verəsən ki, onlar yüzlərlə səhifə sənədləri araşdırıb rəqəmləri və faizləri hesablasınlar. Məgər asan başa düşülən, real rəqəmləri əks etdirən statistika vermək olmaz? Niyə jurnalistlər, deputatlar, ekspertlər və digər maraqlı dairələr hər şeyi ehtimal üzərində qurmalıdır? Üzümü maliyyə nazirliyinə tutub deyirəm. Bizə bu günə qədər götürülən kreditlərin səmərliliyi və ya əksi barədə məlumatı təqdim edin. Bunları tapa bilmirəm, varsa da haradadır, yerini deyin. Bunu təcili etmək lazımdır. Bu məsələyə aydınlıq gətirilməsə, bütün bu tip layihələrin əleyhinə səs verəcəm və həmkarlarımı da bu məsələnin ciddiliyinə varmağa səsləyirəm. Səmərəsini və görülən işlərin şəffaf hesabatını bilmədiyiniz işdə iştirakçı olmayaq”.
R.Nurullayev şəffaflığa ehtiyac olduğunu vurğuladı: “Qoy müstəqil ictimai təşkilatlar, hətta beynəlxalq qurumlar bunu qiymətləndirsin. Borc verən maliyyə institutlarının apardığı monitorinq də həqiqəti əks etdirmir. Çünki, onlar monitorinqi dövlət qurumları ilə əməkdaşlıq şəraitində edir. Dövlət qurumları da onlara göz oxşayan, rəngli, qalın şəffaf kağızda əks olunan məlumatları, gülərüzlü hədər qruplarını təqdim edir. Bəzən kağızlarda əks olunan, layihənin keçirilməsindən məmnun olan o adamlar heç bizimkilərə oxşamır. Haradansa tapıb yapışdırırlar ora. Hər bir kredit bu xalqın cibindən, mayasından gedir və onun üçün də hesabatlılığı ən yüksək səviyyədə olmalıdır. Hesabatlılığı şəffaf olmayan layihələrə səs vermək rəhbərlik etdiyim Milli Cəbhə Partiyasına da məsuliyyət yaradır. Bu baxımdan əleyihinə səs verdiyim üçün üzürlü sayın”.
Deputat Fəzail Mustafayev isə həmkarına etirazını bildirdi. Qeyd etdi ki, müxalifət olaraq məsələyə etiraz etmək mümkündür: “Amma bu tonda alınan kreditlərə kölgə salmaq qəbuledilən deyil”. F.Ağamalı Azərbaycan hökumətinin şəffaf fəaliyyət göstərdiyini, deputatların müraciətlərinə cavab veildiyini bildirdi.
Komitə sədri Tahir Mirkişili ilə istənilən məsələ ilə bağlı səhih olmayan məsələlərlə bağlı fikir bildirməyi düzgün saymadı. O dedi ki, hökumət parlament qarşısındakı hesabatında da bütün suallara aydınlıq gətirir: “Həmçinin həmkarımız istəsə, bizim komitəyə də müraciət edə bilər”.
Şərhlər