Deputatlara diplomatik pasportun ömürlük verilməsi təklif edildi

20.12.2021 16:10     Siyasi reaksiya     401

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında dedi ki, Azərbaycanın səfirlik və konsulluqlarına da doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi vermək hüququ olmalıdır.

Musavat.com-un xəbərinə görə, S.Rüstəmxanlı deputatlıq səlahiyyəti başa çatdıqdan sonra keçmiş millət vəkillərinin diplomatik pasport daşımaq hüququndan məhrum edildiyini söylədi və bununla bağlı qanunvericiliyə baxılmasını zəruri saydı. Bildirdi ki, dünyanın bir çox ölkələrində diplomatik pasport əbədilik verilir. “Bizdə şəxs 20-25 il, ömrünün böyük bir hissəsini millət vəkili kimi fəaliyyət göstərir. Amma millət vəkilliyi səlahiyyəti bitdikdən sonra diplomatik pasport geri alınır. Hesablasaq, belə insanların sayı 150 nəfər olar, çoxu dünyasını dəyişib. Deputatların diplomatik pasportunu qaytarması doğru deyil. Məsələn, Türkiyədə bir çağırış deputat olan şəxsdə diplomatik pasport ömürlük qalır”.

Deputat Fəzail Ağamalı da həmkarının dediklərini dəstəklədi. Spikerdən xahiş etdi ki, bu məsələnin müsbət həlli üçün səylərini əsirgəməsin.

Deputat Məlahət İbrahimqızı da təklifi müdafiə etdi: “Bütün ölkələrdə belə qayda var: Moldova, Gürcüstan, Türkiyədə. Məncə, Azərbaycanda da bu, müsbət həll oluna bilər”.

Birinci vitse-spiker Əli Hüseynli isə belə qaydanın bir sıra ölkələrdə olduğunu, bir sıra ölkələrdə isə olmadığını xatırlatdı. Ə.Hüseynli əlavə etdi ki, məsələ təkcə parlamentdən asılı deyil və burada maliyyə məsələsi də var: “Amma bütövlükdə parlamentin belə bir fikri olarsa, məsələyə baxa bilərik”.

Spiker Sahibə Qafarova dedi ki, bizim bir neçə hörmətli həmkarımız məsələni qaldırdı və məsələni nəzərə almaq lazım olacaq.

Şərhlər

Çox oxunanlar