Azay Quliyev: "Prezidentin Brüssel səfəri Aİ-nın Cənubi Qafqaz siyasətini dəyişəcək"

20.12.2021 16:21     Siyasi reaksiya     463

"Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel və NATO Baş Katibi cənab Yens Stoltenberqlə keçirdiyi görüşlər və görüşlərdən sonra hər iki nüfuzlu beynəlxalq təşkilatın rəhbərlərinin verdiyi bəyanatlar II Qarabağ savaşının nəticələri və Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Qeyd olunan görüşlərdən sonra mətbuata verilən bəyanatların heç birində ermənilərin ciddi-cəhdlə təşviq etdiyi tezislərə yer verilmədi.
 

Musavat.com xəbər verir ki, diqqəti çəkən məqamlardan birincisi budur ki, Şarl Mişel verdiyi açıqlamada indiyə kimi imzalanan üçtərəfli sənədlərin icrasının vacibliyini qeyd etdi və ilk dəfə olaraq bu bəyanatlara kompleks yanaşma sərgilədi. Bu isə o deməkdir ki, Ermənistanın hər hansı ad altında əldə olunan razılaşmaları pozmaq və ya özünə sərf edən tərəfi vasitəçi kimi regiona cəlb etmək cəhdi Brüssel tərəfindən dəstəklənmir".


Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib: "İkincisi, Şarl Mişel ermənilərin arzusunun əksinə olaraq "Dağlıq Qarabağ münaqişəsi" sözünü işlətmədi, Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması prosesində ATƏT-in Minsk Qrupuna istinad etmədi. Tam əksinə ölkəmizin irəli sürdüyü Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının vacibliyini bildirdi. Bu isə Aİ-nın regionda yeni yaranmış reallığı qəbul etdiyini, Azərbaycanın bu məsələdə sərgilədiyi qətiyyətli mövqeyinə və prinsipal siyasətinə hörmətlə yanaşdığını göstərir. Bu, həm də ermənipərəst Fransanın müəyyən mənada neytrallaşdırılması deməkdir, baxmayaraq ki, Makron gələn ilin aprelində keçiriləcək prezident seçkilərində xal qazanmaq üçün cənab Prezidentdən görüş xahiş etmişdi və bizim Prezident də nəzakət xatirinə buna etiraz etməmişdi.

Üçüncüsü, cənab Prezident ilk dəfə Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı ölkəmizin net və açıq mövqeyini ortaya qoyaraq bildirdi ki, Zəngəzur və Laçın dəhlizinə eyni status verilməlidir. Ya hər ikisində gömrük və ya sərhəd yoxlaması olmadan keçid imkanı tanınmalı, ya da əgər Zəngəzur dəhlizinə bu yoxlamalar tətbiq ediləcəksə, o zaman eyni hüquqi prosedurlar Laçın dəhlizinə də tətbiq edilməlidir.
Bunun nə demək olduğunu biz hamımız çox yaxşı başa düşürük. Bu, Azərbaycanın 100 il bundan əvvəl qoparılmış qərbi Zəngəzur torpaqlarına maneəsiz keçid əldə etməsi, ya da Laçın dəhlizindəki sərbəst buraxılış rejiminə son qoyulması üçün tarixi fürsətdir.
Bütün bunların fonunda Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün təcrübəli diplomatını, ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıcı xüsusi nümayəndə təyin etməsi və normallaşdırma prosesinin Azərbaycanla razılaşdırılması haqqında verdiyi bəyanat Cənubi Qafqazda yeni təşəbbüslərə start verildiyindən xəbər verir.
Son günlər baş verən bütün bu hadisələr Azərbaycanın maraqları və ssenarisi əsasında baş verir və ümid edirəm ki, yaxın gələcəkdə biz bunun konkret nəticələrini görə biləcəyik".

Şərhlər

Çox oxunanlar