“3+3" formatı sürətlə reallaşır - ölkələr Ankaraya toplaşır
21.12.2021 11:28 Siyasi reaksiya 416
Elçin Mirzəbəyli: “Ankara görüşünə həlledici görüş kimi yanaşılmasının tərəfdarıyam” Züriyə Qarayeva: “Qərarlarımızı özümüz veririk”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, növbəti “3+3" formatında görüş Ankarada keçiriləcək və bu dəfə görüşdə Gürcüstanın da iştirakı gözlənilir.
Nələr müzakirə ediləcək? Hansı anlaşmalar ola bilər?
Məlum məsələdir ki, II Qarabağ savaşından sonra Türkiyənin Qarabağ məsələsində siyasi-diplomatik aktivliyi xeyli artıb. Demək olar ki, Türkiyə hazırda qeyri-rəsmi həmsədr ölkə rolunu oynayır.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinin Azərbaycan tərəfindən məhdudlaşdırıldığı dövrdə Türkiyənin Qarabağ məsələsində, xüsusilə də sülh prosesində bu cür aktiv və ağırlıq iştirakı nə vəd edir?
BAXCP sədrinin müavini, siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli qarşıdan gələn “3+3" formatında baş tutacaq görüşün olduqca əhəmiyyətli olduğuna toxundu: ”Türkiyənin nəinki bölgədə, bütövlükdə daha geniş bir coğrafiyada, xüsusilə də tarixi, mədəni bağlılıqları olduğu xalqların yaşadığı ərazilərdə fəallıq nümayiş etdirilməsi ilk növbədə ədalət prinsiplərinin bərqərar olunmasına imkan yaradır. Təəssüf ki, Türkiyə bu gün dünyada ədaləti simvolizə edən azsaylı ölkələrdəndir. Bu baxımdan, qardaş ölkənin istənilən prosesdə iştirakı bu prosesin təkcə Azərbaycan üçün deyil, bütün iştirakçılar üçün ən azından ədalətli olacağına zəmanət verir. Türkiyənin ATƏT-in Minsk Qrupunun vəzifələrini üzərinə götürdüyü, qeyri-rəsmi həmsədr rolunu oynadığı barədə fikirlərlə razı deyiləm. Türkiyə bölgədə baş verən proseslərin kənar iştirakçısı deyil, region xalqlarının böyük əksəriyyətinin etimadını və sevgisini qazanmış, bu xalqlarla qohumluq, qardaşlıq, dostluq əlaqələrinə sahib olan bölgə dövlətidir. ATƏT-in Minsk Qrupunun həmsədrlik insitutu isə adı çəkiləndə ikrah doğuran, Azərbaycan xalqının nifrətini qazanmış bir təsisat kimi ictimai rəydə yalnız qıcıq yaradır və həmsədrlərin üçlük formatında hər hansı bir prosesdə iştirakı bu prosesin öncədən gözdən düşməsi deməkdir. “3+3" formatının Ankarada keçiriləcək toplantısına gəldikdə isə düşünürəm ki, bu toplantı daha üst zəmində növbəti toplantının keçirilməsinə imkan yaradacaq. Bu baxımdan Ankara görüşünə həlledici görüş kimi yanaşılmasının tərəfdarıyam. Gürcüstanın qərarının isə tamamilə doğru olduğunu düşünürəm. Prosesdən kənarda qalmaq son nəticədə rəsmi Tiflisə heç nə vermir. Son nəticədə 3+4 yox, 3+2 formatı işə düşəcəkdi və Gürcüstan da regionda həyata keçirilən layihələri müşahidəçi kimi izləmək məcburiyyətində qalacaqdı. İndiki şəraitdə, qarşılıqlı təmaslar nəticəsində ortaya çıxa biləcək reallıqlar Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra müsbət tendensiyaların ortaya çıxmasına zəmin yarada da bilər”.
Şərhlər