“Media haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

21.12.2021 12:47     Siyasi reaksiya     486

Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasportun ömürlük verilməsini təmin edən layihə qəbul olundu; deputatlar da ömürlük diplomatik pasport istədilər

Dekabrın 20-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında ”Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu"nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi geniş müzakirə olundu. Layihəni komitə sədri Sadiq Qurbanov təqdim etdi. 

Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev söz alaraq layihəyə qarşı çıxdı. “Diqqəti məsələnin önəminə çəkmək üçün Yaponiya hökuməti ilə bağlanan ”kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nin əleyhinə səs verəcəyəm", deputat bildirdi:  “Biz bilmək istərdik ki, kredit alan müəssisələrin nə qədər borcu var, o kreditlərlə hansı işlər görülüb, hansı yarımçıq qalıb və ya kökündən edilməyib. Borcun miqdarı barədə də mərtəbəli və dolaşıq məlumatlar verilir”.

Deputat Fəzail Ağamalı isə həmkarına etirazını bildirdi. Qeyd etdi ki, müxalifət olaraq məsələyə etiraz etmək mümkündür: “Amma bu tonda alınan kreditlərə kölgə salmaq qəbuledilən deyil”. F.Ağamalı Azərbaycan hökumətinin şəffaf fəaliyyət göstərdiyini, deputatların müraciətlərinə cavab verildiyini bildirdi.

Komitə sədri Tahir Mirkişili isə istənilən məsələ ilə bağlı səhih olmayan məsələlərlə bağlı fikir bildirməyi düzgün saymadı. Dedi ki, hökumət parlament qarşısındakı hesabatında da bütün suallara aydınlıq gətirir: “Həmçinin həmkarımız istəsə, bizim komitəyə də müraciət edə bilər”.

Deputat Qüdrət Həsənquliyev söz alaraq maraqlı təkliflə çıxış etdi. Bildirdi ki, bir sıra hallarda Milli Məclisə daxil olan qanun layihələri ilə bağlı iradlar olur, hansısa çatışmazlıqların olması ortaya çıxır. Bu mənada deputat parlamentə göndərilən qanun layihələrinin müzakirə olunması üçün ayrıca bir institutun yaradılmasını təklif etdi. Dedi ki, belə bir institut Prezident yanında, yaxud Ədliyyə Nazirliyinin nəzdində yaradıla bilər. Q.Həsənquliyev spikerin son illərdə beynəlxalq fəaliyyətlə bağlı uğurlu fəaliyyətinə, həmçinin parlamentdəki nailiyyətlərinə diqqət çəkdi. Bildirdi ki, əgər belə bir addım atılarsa, bu, parlament rəhbərinin adı ilə bağlı olacaq, ona görə də sədrdən məsələnin müsbət həlli üçün səy göstərməyi xahiş etdi.

Spiker Sahibə Qafarova məsələnin komitə sədri Əli Hüseynli ilə müzakirə olunmasını təklif etdi.

Komitə sədri Siyavuş Novruzov narkotikin yayılması ilə bağlı həyəcanını bölüşdü: “İki gündən, üç gündən bir 40 nəfər, 70 nəfər birdən tutulur. Naxçıvanda narkotik dövriyyə, cinayətkarlıq ”0"-dır. Hər hansı taksi sürücüsünə qarşı da cinayətkarlıq halları aşkarlanmır".

S.Novruzov dedi ki, 20 manat rüşvət alan insan 1 milyon rüşvət alanla eyni cəzaya məhkum olunur: “Bu düzgün deyil”. Deputat həmçinin qeyd etdi ki, ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı həbs-qətimkan tədbirlərinin seçilməsi doğru deyil.

İclasda Azərbaycanda əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldı və qəbul edildi. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna yeni maddənin əlavə olunması təklif olunur.

Layihə barədə deputat Arzu Nağıyev məlumat verib. Həmin maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

 Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə edildi. Bildirildi ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Deputatlar qanun layihəsini dəstəklədilər. Deputat Fəzail Ağamalı isə hətta bu qanunun qəbulu ilə bağlı gecikdiklərini söylədi. Cavabında komitə sədri Əli Hüseynli dedi ki, hər hansı gecikmə olmayıb, sadəcə, prosedur qaydalara uyğun olaraq qanuna dəyişiklik indi həyata keçirilir.

Deputat Sabir Rüstəmxanlı dedi ki, Azərbaycanın səfirlik və konsulluqlarının da doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi vermək hüququ olmalıdır.

S.Rüstəmxanlı deputatlıq səlahiyyəti başa çatdıqdan sonra keçmiş millət vəkillərinin diplomatik pasport daşımaq hüququndan məhrum edildiyini söylədi və bununla bağlı qanunvericiliyə baxılmasını zəruri saydı. Bildirdi ki, dünyanın bir çox ölkələrində diplomatik pasport əbədilik verilir: “Bizdə şəxs 20-25 il, ömrünün böyük bir hissəsini millət vəkili kimi fəaliyyət göstərir. Amma millət vəkilliyi səlahiyyəti bitdikdən sonra diplomatik pasport geri alınır. Hesablasaq, belə insanların sayı 150 nəfər olar, çoxu dünyasını dəyişib. Deputatların diplomatik pasportunu qaytarması doğru deyil. Məsələn, Türkiyədə bir çağırış deputat olan şəxsdə diplomatik pasport ömürlük qalır”.

Deputat Fəzail Ağamalı da həmkarının dediklərini dəstəklədi. Spikerdən xahiş etdi ki, bu məsələnin müsbət həlli üçün səylərini əsirgəməsin.

Deputat Məlahət İbrahimqızı da təklifi müdafiə etdi: “Bütün ölkələrdə belə qayda var: Moldova, Gürcüstan, Türkiyədə. Məncə, Azərbaycanda da bu, müsbət həll oluna bilər”.

Birinci vitse-spiker Əli Hüseynli isə belə qaydanın bir sıra ölkələrdə olduğunu, bir sıra ölkələrdə isə olmadığını xatırlatdı. Ə.Hüseynli əlavə etdi ki, məsələ təkcə parlamentdən asılı deyil və burada maliyyə məsələsi də var: “Amma bütövlükdə parlamentin belə bir fikri olarsa, məsələyə baxa bilərik”.

Spiker Sahibə Qafarova dedi ki, bizim bir neçə hörmətli həmkarımız məsələni qaldırdı və məsələni nəzərə almaq lazım olacaq.

“Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı və  layihə barədə komitə sədri Musa Quliyev məlumat verdi. Çıxış edən deputat Qüdrət Həsənquliyev ölkə ərazisində kazinoların fəaliyyətinin leqallaşdırılması təklifi ilə çıxış etdi. Bildirdi ki, Zəngəzurda, Qarabağda, yaxud Bakı ətrafında kazinolar açıla bilər. Deputat bunun üçün geniş imkanların olduğunu vurğuladı. Daha sonra Q.Həsənquliyev bahalıqdan şikayətləndi. Bildirdi ki, vətəndaşlarımız turizm obyektlərindəki xidmətin bahalığından narazıdırlar: “Rayonlarda qiymətlər Bakı şəhərindən bahadır. Bu qiymətlərlə nə xaricilər Azərbaycana gəlməyəcək, nə də elə öz vətəndaşlarımız turistik bölgələrə getməyəcəklər. İnsanlar öz evində oturub bozbaş yeməyə üstünlük verəcəklər”.

Deputat Erkin Qədirli qeyd etdi ki, ölkəyə gələn turistlər onlayn xəritələrdən istifadə edirlər: “Bu xəritələrdə çox zaman bizim tarixi abidələrimizin adı səhv yazılır. Mən öz qarşılaşdığım halları deyirəm. Məsələn, Zaqatalada rus kilsəsi var. Xəritəyə girirsən yazılıb ki, dağıdılmış gürcü kilsəsi. Bu, Turizm Agentliyinin səlahiyyətlərinə aiddir, yoxsa yox? Bu işə, ümumiyyətlə, baxan varmı? Turistlər gəlib yanlış təəssüratla ayrılırlar”.

Deputat Sabir Rüstəmxanlı isə turistlərə bələdçilik edənlərlə bağlı narahatlığını ifadə etdi. Həmçinin turistlərə təqdim olunan materiallara diqqətlə yanaşılmasını zəruri saydı. O, vaxtilə Qız qalası barədə hazırlanmış əcaib materialı xatırlatdı.

Daha sonra “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Müzakirələrdə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və agentliyin rəsmiləri, həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edirdi.

9 fəsil 78 maddədən ibarət olan layihə barədə komitə sədri Zahid Oruc təfsilatlı məlumat verdi, ilk oxunuşda səslənən təkliflərə münasibət bildirdi.

Deputat Fazil Mustafa Milli Məclis rəhbərliyinə qanun layihəsinin geniş müzakirəsinə şərait yaratdığına görə təşəkkür etdi. Eyni zamanda komitə sədri Zahid Oruca hərtərəfli, yüksək səviyyədə təqdimatına görə minnətdarlığını ifadə etdi.

Deputat Vahid Əhmədov “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək, spiker Sahibə Qafarovaya, həmçinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruca geniş, məhsuldar müzakirələrə görə təşəkkür etdi. “Mən çox istərdim ki, bu qanunun maliyyə mənbəyi layihədə öz əksini tapsın”, deyən V.Əhmədov bildirdi ki, bu qanundan belə çıxır ki, bizim media hamısı dövlət tərəfindən maliyyələşir. Bu mənada reklam bazarına diqqət yetirilməsini zəruri saydı: “Yaxşı olardı ki, reklam bazarının mediaya uyğun şəkildə formalaşdırılması məsələsi müəyyənləşdirilərdi”. V.Əhmədov digər məsələdən də bəhs etdi:  “Gəlin baş redaktora və müavinə ali təhsilli olmaq tələbini qoyaq. Bu gün kifayət qədər ali təhsili olmayan jurnalist var ki, ali təhsili yoxdur, amma yüksək səviyyəli jurnalistdir”, V.Əhmədov bildirdi.

Deputat Aqil Abbas “Media haqqında” qanun layihəsi ilə bağlı maraqlı çıxış etdi və qəzetlərə önəm verilməsini zəruri saydı: “Amerikada oturan şəxs istədiyi vaxt saytı qapayar, arxivi də gedər. Sayt arxiv deyil. Saytda istədiyin materialı çıxartdıra bilərsən. Bu gün yazaram, sabah kimsə deyər ”çıxar", çıxararam. Amma qəzet sayt deyil. Qəzet bir növ əlyazmadır. Qəzetin satışı üçün respublikada şərait də yoxdur". A.Abbas yayım imkanlarının da olmadığını vurğuladı:  “Mətbuat yayımını özəlləşdirdilər. ”Qaya"nı elə günə qoydular, olmasa yaxşıdır. İndi qəzeti camaat nə təhər alsın? Abunə də yoxdur. Deyirlər abunə yazılma!  “Günəş” jurnalına məktəbdə abunə yazılmaq qadağandır. Bu, nə deməkdir?"

Ardınca A.Abbas deputat həmkarı Vahid Əhmədovun dediklərinə reaksiya verdi: “Vahid müəllim, Azərbaycanda qəzetlərə heç kəs reklam vermir. Çünki bir sement zavodu var, rəqabət üçün ikincisi yoxdur. Toyxana ilə yasxana idi reklam, indi onlar da yoxdur, heç kim reklam vermir. Reklam bərabər səviyyədə bölünməlidir. Birinci oxunan qəzetlərə, baxılan televiziyalara verilməldir. Yenə də sağ olsun Azərbaycan hökuməti, heç olmasa saytları, qəzetləri dəstəkləyir. Azərbaycan Prezidenti sağ olsun. Yoxsa indiki vəziyyət də olmazdı”.

Deputat Sabir Rüstəmxanlı bəzi müddəalarla bağlı narahatlığını ifadə etdi.

Deputat Azay Quliyev də “Media haqqında” qanun layihəsi ilə bağlı danışdı. O, bir sıra düzəlişlər təklifi etdi. “Maddə 3.2.1-də qeyd olunur ki, bu qanun jurnalistlər istisna olmaqla, media sublekti hesab edilməyən şəxslərə şamil edilmir. Media subyekti hesab edilməyən şəxslər hansılardır? Necə ki, 25-ci maddədə biz media subyektinin siyahısını vermişik,  media subyekti hesab edilməyən şəxslərin də siyahısı verilməlidir ki, qanun da bütün məsələlər aydın olsun?

Ümumiyyətlə, qanunun tətbiqi dairəsi genişlənməli, sosial şəbəkə platformaları fəaliyyətlərinin yerli qanunvericiliklə uzlaşdırılması məsələsi bura daxil edilməlidir.

Bilirsiniz ki, sosial şəbəkə platformalarının fəaliyyətinin qanunla uzlaşması təcrübəsi bir çox Avropa ölkələrində tətbiq olunmaqdadır".

O, habelə jurnalist vəsiqəsi, jurnalist məsuliyyətinə dair bəndlərdə də təkliflərini verdi. 

Spiker Sahibə Qafarova layihə ilə bağlı növbəti dinləmələrin keçiriləcəyini bildirdi. MEDİA-nın rəhbəri Əhməd İsmayılova xitabən dedi ki, növbəti müzakirələrdə ona çıxış etmək, məsələlərə münasibət bildirmək fürsəti yaradacaq.

İclasda “Məşğulluq haqqında” qanun layihəsi müzakirə olundu. Komitə sədri Musa Quliyev çıxış edərək deputat həmkarlarının dediklərinə reaksiya verdi.

Deputat Əli Məsimlinin fikirlərinə münasibəti zamanı M.Quliyev  dedi ki, işsizliyin səbəbindən asılı olmayaraq işsiz vətəndaşların sosial müdafiəsi üçün adekvat yollar axtarılmalıdır. "Bu problemi qanun layihəsi subyektinin diqqətinə çatdırmışıq və gələcəkdə həlli yollarını və imkanlarını diqqətdə saxlayacağıq".

Müzakirələrdən sonra qanun layihəsi qəbul olundu.

 

Şərhlər

Çox oxunanlar