“Akkord”un Qazaxıstanda, Gürcüstanda və Azərbaycanda subpodratçıları aldatmasının gizlinləri
21.12.2021 15:06 Siyasi reaksiya 420
Şirkətin tərəfdaşlarına borclu olduğu vəsaiti ödəməkdən imtina etdiyi, öz əməkdaşlarına da maaş vermədiyi iddia olunur
“Akkord” tikinti şirkətinin Qazaxıstanda subpodratçısı olmuş Marat Unqarov ala bilmədiyini iddia etdiyi pullar üçün Azərbaycan hakimiyyətinə müraciət edib.
O, BBC News Azərbaycancaya deyib ki, 40 kilometrlik yol tikintisi üçün tender əldə etmiş Azərbaycan şirkəti “Spik Akkord” 2 ildir ki, onlara olan borcunu ödəmir. Axmetxan Timurbay oğlu da Akkorddan pulunu ala bilməyənlərdəndir. O, digər yoldaşlarından fərqli olaraq, əməyinin qarşılığını ala bilmədiyi üçün “Akkord”la yollarını daha tez ayırıb.
Musavat.com xəbər verir ki, Akkord təkcə ölkə xaricində deyil, ölkə daxilində də subpodratçılara görülən işlərə görə pulları ödəməkdən yayınır. Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən “Akkord” Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib.
Bir qədər əvvəl bu əsnada Bakupost.az maraqlı yazı yaymışdı. Məlum olurdu ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi “Akkord” şirkəti “ən cəlbedici” təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb. Ancaq şirkətin işə başlayandan az sonra öz öhtenderdədəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün “Akkord” SHB, “Elit”, “United”, “Projekt Centr” kimi şirkətləri də subpodratçı kimi işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb.
Hazırda “Akkord” subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir.
Sayt məlumatlı mənbəyə istinadən yazıb ki, “Akkord” rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: “”Akkord" HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri - 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb".
Məlumata görə, “Akkord”un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir.
Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır.
Qeyd edək ki, bir müddət öncə “Akkord”un eyni variantı Gürcüstanda da tətbiq etdiyi haqda məlumat yayılmışdı. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olmuşdu.
Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, “Akkord” tenderdə iştirak və sənədlərin qaydaya salınması üçün M.Avalişvili və N.Natsvlişvili adlı şəxslərlə konsaltinq müqaviləsi imzalayıb.
“Bu şəxslər öz qrupları ilə lazımi işləri görüb, ”Akkord" 145 milyon larilik 2 tenderi qazanıb. Müqaviləyə uyğun olaraq, konsultantlara ödənilməli olan 1 milyon 450 min larinin (tenderdə udulan məbləğin 1%-i) verilməsindən imtina edilib. Əvəzində “Akkord” Bakının Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, guya öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevin konsaltinqlərlə müqaviləyə imza atmaq hüququnun olmadığını bildirərək, onlarla müqaviləyə xitam verdirməyə nail olmuşdu" - məlumatda bildirilirdi.
Ancaq Tiflis Şəhər Məhkəməsinin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını tanımamış və prosesi davam etdirmişdi.
İndi isə vəziyyət bir qədər fərqlidir. Bütün məhkəmə prosesləri Azərbaycanda keçirilir və burada “Akkord” rəhbərliyinin hansısa məhkəmədən qərar almaqda, onu “tanıtdırmaqda” problem yaşamayacağını düşünməyə əsas verir.
Qeyd edək ki, uzun illərdir “Akkord” şirkətinin gerçək sahibi kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Vəzifəsindən azad edildikdən sonra Qaralovun şəxsən şirkətin idarəetməsini həyata keçirməyə başladığı bildirilir.
İddia edilir ki, “Akkord”un rəhbərliyi məhz Zakir Qaralovun keçmiş statusu və hazırkı əlaqələrinə güvənərək, subpodratçıları məhkəməyə verəcəyi, müqavilələrinin ləğv ediləcəyi, hətta bu vaxta qədər ödənilən məbləği geri tələb edəcəyi ilə təhdid edib.
Şərhlər