İranın XİN başçısının Bakı səfəri: prezidentlərin görüşünə hazırlıq
22.12.2021 16:25 Siyasi reaksiya 504
Ekspertlərə görə, iki ölkə münasibətlərində yeni mərhələ və əməkdaşlıq yaranmaqdadır
İranın xarici işlər naziri Əmir Abdullahian Bakıya səfər edəcək. Bu barədə İran XİN-in mətbuat katibi Səid Xətibzadə bildirib. Onun sözlərinə görə, səfərin məqsədi ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Qeyd edək ki, bu həftə İran, Azərbaycan və Gürcüstan razılıq əldə edərək, Fars körfəzindən Qara dənizdə Bolqarıstan limanlarına qədər yeni nəqliyyat dəhlizini işə salıblar. Bu nəqliyyat dəhlizi İran yüklərinin Avropaya nəqli problemini aradan qaldırır, habelə Hindistan, Pakistan və digər ölkələrdən malların Avropa regionuna tranzitini təmin edir.
Amma Bakıda əsas müzakirə mövzusunun Tehranın Azərbaycana təzyiq göstərmək və qorxutmaq cəhdlərindən sonra ciddi şəkildə korlanan ikitərəfli münasibətlərlə bağlı vəziyyət olacağına şübhə yoxdur. Gərginliyin səbəbi İranın Qarabağ separatçıları ilə qanunsuz ticarətidir. Amma iranlılar iki ölkə sərhədi boyunca hərbi təlimlər keçirməklə Azərbaycanı qorxutmağa müvəffəq olmayıb, bundan sonra Tehran rejimi Azərbaycanla “barışmaq” qərarına gəlib... (“Turan”).
YAP-çı deputat Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında indiki şəraitdə belə səfərin çox önəmli olduğunu qeyd etdi: “Azərbaycan bütün qonşuları ilə yaxın münasibətlərin qurulmasında və inkişafında maraqlıdır. Rəsmi Bakı əmindir ki, bölgənin inkişafı və tərəqqisi bilavasitə bölgə ölkələrinin əməkdaşlığından keçir. Bu gün bölgədə hansısa bir gərginliyin, qarşıdurmanın, anlaşılmazlığın olması heç bir ölkəyə töhfə vermir, fayda da gətirə bilməz. Azərbaycan dəfələrlə bu fikri ifadə edib. Amma təəssüflə onu qeyd etmək lazımdır ki, Azərbaycan bölgədə yeni bir reallıq yaratdıqdan sonra İran ölkəmizlə təzyiq dili ilə danışmağa, müəyyən ittihamlar səsləndirməyə başladı. Azərbaycan tərəfindən də bu, birmənalı qarşılanmadı. Səbirlə, təmkinlə mövqeyimiz ifadə olundu. Yekunda bilavasitə Azərbaycanın təşəbbüsü və prinsipiallığı nəticəsində gərginlik nisbətən azaldı, sonda məqsədinə nail olan tərəf biz olduq. Belə görüşlərin keçirilməsi və səfərlərin təşkili əhəmiyyətlidir. Biz bütün hallarda cənub qonşumuzla münasibətlərimizi qorumalıyıq. Tarixən qonşuluq münasibətlərimiz hər zaman olub. Bu əlaqələri qorumalıyıq. Amma rəsmi Tehran da müstəqilliyimizə daim hörmət etməlidir. Hesab edirəm ki, bu görüşdə də mövcud olan narazılıq ətrafında müzakirələr aparılacaq. Baş verən hadisələr və yaşanan narazılıqlar zamanla aradan qalxacaq”.
Siyasi yazar Kənan Rövşənoğlu yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri arasında görüşün olacağını ehtimal edir: “Fikrimcə, Abdullahian Bakıya texniki məsələlərlə bağlı gəlir. Güman ki, yaxın zamanlarda Azərbaycan və İran prezidentləri arasında görüş olacaq və burda hansısa sazişlər imzalanacaq, XİN başçıları isə bununla bağlı texniki məsələləri həll edəcək. Bildiyiniz kimi, bundan əvvəl baş nazirin müavini İrana səfər etdi və bir sıra iqtisadi layihələrlə bağlı razılaşmalar əldə olundu. Düşünürəm ki, indi iki ölkə münasibətlərində yeni əməkdaşlıq mövzuları ortaya çıxıb. Nazirlər bununla bağlı sazişləri hazırlayacaq. Söhbət Xəzərdə neft-qaz yataqlarının işlənməsi, Türkmənistan qazının ötürülməsi, İrandan gələn yüklərin Azərbaycan üzərindən Avropaya və Rusiyaya daşınması kimi strateji və iqtisadi faydası olan layihələr var. BƏƏ prezidentinin müşaviri keçən həftələrdə İrana səfər etdi. Yeni nəqliyyat layihəsi hazırlanır. Söhbət Avropaya və Rusiyaya yüklərin BƏƏ-dən İrana, oradan isə Türkiyə vasitəsilə Avropaya çıxmasıdır. İranın indi bu nəqliyyat marşrutunu şaxələndirmək, Azərbaycan vasitəsilə Gürcüstan və eləcə də Rusiyaya keçidi layihəsi var. Bu, Azərbaycan üçün faydalı bir layihədir. Yəni ortada faydalı və maraq doğuran mövzular var”.
Siyasi analitik Asif Nərimanlı isə rəsmi Bakını maraqlandıran bu məsələlərə toxundu: “Abdullahianın səfərində Bakı-Tehran xəttində yaranmış və artıq həll edildiyi müşahidə olunan məsələlərin hamısının müzakirə olunacağı gözləniləndir. Çünki tərəflərin müəyyən məsələləri canlı təmasda müzakirə etmək ehtiyacı var. Bura İranın irəli sürdüyü iddialardan tutmuş, Tehranın bölgədəki proseslərdən keçirdiyi narahatlığa qədər çox şey daxildir. Azərbaycan və İran prezidentləri görüşdü, lakin məsələlərin detalları müzakirəsini adətən XİN rəhbərləri aparır və rəhbərliyə məruzə edirlər. Bu səfər fikrimcə, iki ölkə arasında bəzi məsələlərin aydınlaşdırılması baxımından da əhəmiyyətli ola bilər. Bakı üçün əsas məsələ İranda zaman-zaman boy göstərən və iki ölkə arasındakı münasibətlərin pisləşməsinə zəmin yaradan dairələrin fəaliyyəti, bu dairələrin Azərbaycanın daxili işlərinə qarışmasıdır. İran bu qruplarla bağlı Azərbaycana zəmanət verməlidir, çünki bəzən münasibətlərdə anlaşılmazlıqlar ola bilər. Amma bu o demək deyil ki, Azərbaycanda konstitusiya quruluşunu dəyişdirmək istəyənlər aktivləşməlidir. Eyni zəmanəti Qarabağdakı separatçı-terrorçu dəstələrə dəstəklə bağlı da verməlidir. Hazırda problem nə qədər həll olunmuş görünsə də, istisna deyil ki, İran şirkətlərinin bu və ya digər formada separatçılarla əlaqəsi qalır. Bununla yanaşı, münaqişənin həllindən sonra bölgədəki vəziyyət, ”3+3" formatında əməkdaşlığın genişləndirilməsi, azad edilmiş ərazilərin bərpasında İran şirkətlərinin iştirakı kimi məsələlərin də müzakirəsi gözləniləndir. Təbii ki, əsas mövzulardan biri də Fars körfəzi-Qara dəniz marşrutu olacaq. Artıq bununla bağlı razılaşma var, nazirlər bu razılaşma çərçivəsində görüləcək işlərlə bağlı danışa bilərlər. Xəzərdə əməkdaşlıq məsələləsi də aktual məsələlərdən biridir. Bakını maraqlandıran məsələ İranın Xəzər konvensiyasını ratifikasiya etməməsidir. Bu da gündəmə gətirilə bilər. Fikrimcə, bu səfərə ticarət sahəsində əməkdaşlıqdan daha geniş proqram daxildir. Çünki iki ölkə arasında müzakirə edilməli məsələlərin sayı çoxdur. Ümumilikdə, İranın bölgədəki reallığı qəbul etməsi, “3+3" formatındakı əməkdaşlıq perspektivləri, həm nəqliyyat, həm də enerji sahəsində əldə olunan razılıqlar iki ölkə arasındakı münasibətlərin yaxşılaşma xətti üzrə davam edəcəyini göstərir”.
Şərhlər