Yenə “artsax”, yenə “müstəqillik” - erməni baş nazir “havaya girdi”
24.12.2021 14:08 Siyasi reaksiya 563
Bu sərsəm iddialar ortada varkən, heç bir sülhdən söhbət gedə bilməz...
Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən Azərbaycanla mümkün sülh sazişi perspektivindən danışır, digər tərəfdən də danışıqlara ciddi əngəl törədəcək mövqe sərgiləyir.
Musavat.com-un xəbərinə görə, belə ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşü zamanı erməni baş nazir Qarabağ məsələsinə də toxunub və deyib ki, bu sahədə uzun illər ərzində danışıqlar masasında danışılanlarla Ermənistan cəmiyyətinə verilən məlumatlar arasında böyük uçurum olub: “Biz eyni yolla getmək istəmirik. Biz qapalı məsləhətləşmələrdə, açıq çıxışlarda və danışıqlar masasında eyni məzmunun çərçivəsindən danışmaq istəyirik. Biz daxildə bir, xaricdə başqa şey demək, sonra bu fərq nəticəsində yaranmış tələyə düşmək istəmirik”.
Paşinyanın fikirlərindən bu sitatlar da var: “Bizim vəzifəmiz “artsax"ın mövcudluğunu və “artsax” xalqının hüquqlarının tam şəkildə qorunmasını təmin etmək, Qarabağ münaqişəsinin həlli, “artsax”ın beynəlxalq səviyyədə tanınmasını həyata keçirməkdir. Və bu sahələrdə görəcəyimiz işlər bizdən çox fədakarlıq, ardıcıllıq, balans tələb edəcək".
Göründüyü kimi, baş nazir yenidən ziddiyyətli mövqe ortaya qoymaqdadır. Əgər Ermənistan sülh istəyirsə, aydındır ki, qondarma “artsax” terminini dilinə gətirməməlidir. Çünki bu iddialar ortada varkən heç bir sülhdən söhbət gedə bilməz.
Daxili auditoriyaya “oynayan” Paşinyan, maraqlıdır, ikitərəfli danışıqlarda da belə mövqe sərgiləyə bilirmi? Üstəlik, bundan əvvəlki hakimiyyətin danışıqların mahiyyəti haqda erməni cəmiyyətinə doğru bilgi vermədiyini deməsi nəyə işarədir? Paşinyan “tələyə düşmək istəmirik” dedikdə, nəyi nəzərdə tutur?
YAP-çı deputat Hikmət Babaoğlu Paşinyanın hər şeyi yaxşı dərk etdiyini söylədi: “Paşinyan 10 noyabr 2020-cil ildə qəbul edilmiş üçtərəfli bəyannamənin altına imza atmaqla rəsmi şəkildə ermənilərin 100 illik Qarabağ arzularını dəfn etməyə məcbur olub. Hamıdan daha yaxşı Paşinyan dərk edir ki, ölünü diriltmək kimi bir möcüzə hələ baş verməyib. Üstəlik, bəyannaməyə imza atan üçüncü ölkə Rusiya Federasiyası da bunu qəbul edib. Ona görə də real müstəvidə onun “artsax” bəyanatı siyasi avantüradan başqa bir şey deyil. Bu bəyanat daha çox daxili auditoriyaya yönəlmiş populist ritorikadır. Ancaq bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, Ermənistanda revanşistlər və radikallar mövcuddurlar və dünyada sonuncu erməni qalana qədər onlar Qarabağ iddiasından əl çəkməyəcəklər. Ən müxtəlif səviyyələrdə, ən gözlənilməz vəziyyətdə yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edəcək və ilk fürsətdə buna nail olmaq üçün addımlar atacaqlar. Biz təqribən ermənilərin Qafqaza, Azərbaycan ərazilərinə köçürüldüyü son iki yüzillik tariximizin təcrübəsinə söykənərək bunu bilirik. Ona görə də Paşinyanların və erməni siyasətçilərinin belə fikirlərinə ciddi reaksiya verməli, erməni siyasi leksikonundan, ümumiyyətlə, Qarabağ sözünün çıxarılmasına nail olmalıyıq. Bu, həm də ona görə vacibdir ki, ermənilər bu məsələdə tək deyillər. Bütün islamafob Qərb, başda Fransa olmaqla, erməni faşizmini və işğalçılıq siyasətini dəstəkləyir. Hazırkı tarixi mərhələdə Azərbaycanın, “Dəmir yumruğ”un gücü erməni iddialarının reallaşmasını mümkünsüz edir. Ancaq biz indi həm də gələcək nəsillər üçün güclü Azərbaycan yaratmaqla məşğuluq. Əminəm ki, ölkəmizdə həyata keçirilən siyasət bunu mümkün edəcək. “Tələ” məsələsinə gəldikdə isə Paşinyan bu ifadə ilə öz siyasi rəqibləri olan keçmiş “Qarabağ klanı”nı erməni xalqına qarşı qeyri-səmimi olmaqda ittiham edir. Əslində həm də ən gücsüz göründüyümüz vaxtlarda belə Azərbaycanın güclü olduğunu, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getmədiyini etiraf edir. Bu isə özlüyündə Paşinyan üçün gerçəklikdən çıxış etmək və əsassız iddialardan əl çəkmək üçün yaxşı bir xatırlamadır. Əgər ərazisinin 20 faizi 30 il işğal altında qalan Azərbaycandan hər hansı status qoparmaq mümkün olmadısa, deməli, bundan sonra əsla mümkün ola bilməz. Ancaq bütün bunlara baxmayaraq Paşinyana bildirmək lazımdır ki, belə siyasi ritorika Azərbaycan tərəfini qəti qərarlar qəbul etməyə vadar edər ki, nəticədə yenə də uduzan tərəf Ermənistan olar".
AĞ Partiya başqanının müşaviri Azər Hüseynov isə bunları düşünür: “Paşinyan özbaşına deyil. Arada ”nadinclik" edir. Maraqlısı odur ki, Paşinyanın bu cür bəyanatları Fransadan gələn o çağırılmamış qonaqla üst-üstə düşür, eyni zamanda Türkiyədəki problemlərlə. Paşinyan daxili auditoriyaya danışır, amma bununla məsələni gündəmdə saxlayır. Məqamı gözləyir. Geosiyasi vəziyyətin dəyişməsini gözləyir. Biz buna elə-belə baxmamalıyıq. İdarə edilən aqressivlik siyasəti aparmalıyıq. Bunun hər belə çıxışından sonra təyyarələri qaldırıb Xankəndi üzərində və hətta Ermənistanla sərhəddə güc göstərməliyik. Qardaş Türkiyə ilə bir hərəkət etməliyik. Maddi və maliyyə resurslarını işə salmalıyıq. Cənubi Qafqazın üzərində dəmir qübbə qurmalıyıq. Onsuz da indi dünya “harada qırıldı-qırıldı” tərzinə keçib. Daxilimizi boş buraxmamalıyıq. Rusiyaya daxili siyasi təzyiqi artırmalıyıq. Bunun üçün yenə sükut balansına keçid cəhdlərinin qarşısı alınmalıdır. Dövlətimiz və cəmiyyətimiz ideoloji yenidən qurulmalıdır. Kiçiklərimiz bu nanəcibləri öpəndə Paşinyan kimi böyüklər yenə özünü buraxır".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Paşinyanın ziddiyyətli açıqlamaları göstərir ki, ermənilər əsassız iddialarından əl çəkmək fikrində deyillər. Onlar danışıqlar fonu yaratmaqla vaxt qazanmağa çalışır, özlərinin də dedikləri kimi, ”artsax"ın mövcudluğunu, daha dəqiq desək, siyasi mövcudluğunu hansısa formada saxlamağa çalışırlar. Bunun üçün Rusiyanın regionda hərbi mövcudluğundan istifadə edir və Rusiya hərbi kontingentinin regionda əbədi və ya uzun müddətə qalmasının vacibliyini vurğulayırlar. Digər tərəfdən, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpa olunmasına çalışırlar. Bunlar göz önündədir, özümüzü görməməzliyə vurmamalıyıq. Özümüzü Paşinyanın və ya başqa birisinin “daxili auditoriyaya oynaması” fikri ilə aldatmamalıyıq. Əslində Paşinyanın “daxildə və xaricdə eyni fikirləri deməliyik” tezisi daha çox xaricə, beynəlxalq təşkilatlara yönəlib. Paşinyan aydın şəkildə bildirmək istəyir ki, “artsax” iddiasından əl çəkməyəcəklər. Paşinyan tələ dedikdə çox şeyi nəzərdə tuta bilər. Amma məncə, son 300 il ərzində Avropa və Rusiyanın tələsində olduqlarını, onlardan istifadə olunduğunu başa düşməyə başladıqlarını demək istəyib. Əgər belədirsə, onda başlarına bir çarə qılacaqlar. İstənilən halda biz öz vəzifələrimizi müəyyən etməliyik. Ermənilərin bütün cəhdlərinin qarşısını almaq üçün, birincisi, Rusiya hərbi kontingentinin 5 ildən daha tez regionu tərk etməsinə nail olmalıyıq. İkincisi, Minsk Qrupu həmsədrlərinin yenidən “xortlaması”na imkan verməməliyik. Üçüncüsü, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanması üçün 1921-ci il Qars müqaviləsini danışıqlar masasına gətirməliyik. Dördüncüsü, bütün təmasla, görüşlər, müzakirələr zamanı əsas məsələ kimi Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə Azərbaycan hakimiyyətinin dərhal bərpa olunması məsələsini qabartmalıyıq. Bu məsələni şərti olaraq “Xankəndi məsələsi” kimi təqdim etmək olar. Bütün danışıqlarda, beynəlxalq çıxışlarda “Xankəndi məsələsi” əsas məsələ kimi qoyulmalıdır. Beşincisi, müharibədən sonrakı proseslərdə Türkiyənin Rusiya ilə bərabərhüquqlu iştirakı təmin edilməlidir".
Şərhlər