Nazir Xankəndiyə gələn Fransa prezidentliyinə namizəddən DANIŞDI
27.12.2021 18:22 Siyasi reaksiya 650
“Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən hər bir şəxs Azərbaycanın “qara siyahısına” daxil edilir”.
Moderator.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərinə səfərinə münasibət bildirən nazir vurğulayıb ki, bu, Fransada gedən siyasi proseslərin tərkib hissəsidir: “Lakin başa düşməliyik ki, bu Fransa siyasətinin daxili gündəm məsələsidir”.
Nazirin sözlərinə görə, Fransa prezidentliyinə namizədlə birgə səfər edənlər də Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil ediliblər.
Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. Buna görə Azərbaycan XİN Fransaya nota verib. Eyni zamanda V.Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Şərhlər