Komitə sədri parlament qarşısında illik hesabatla çıxış etdi - ilginc rəqəmlər

28.12.2021 10:58     Siyasi reaksiya     629

Deputatlar aktual məsələlərdən danışdlılar; Tahir Kərimlidən onu hədəfə alanlara sərt cavab: “O vaxt Surətin qabağından dovşan kimi qaçdınız...”

Dekabrın 27-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Aqil Abbas gənclərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsinin vacibliyindən danışdı.

Musavat.com xəbər verir ki, deputat hazırda azad olunmuş torpaqlarda böyük quruculuq-bərpa işlərinin aparıldığını bildirdi: “Bərpa olunmuş işlər göz qabağındadır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır”. A.Abbas dedi ki, vaxtilə gənclərimiz Baykal Amur Magistralında işləməyə gedirdilər: “Bu gün mövcud olan on minə qədər işçi qüvvəsi kiçik rəqəm deyil. Gənclər və İdman Nazirliyindən xahiş edirəm. Yaya qədər vaxt var. Gəncləri, tələbələri Qarabağa cəlb etsinlər. Azərbaycan və Qarabağ üçün işci lazımdır. Bu gün orada işci çatışmır. 300-400 manat versəniz, gedib işləyəcəklər. Necə ki, ölümə getdilər, eləcə də işləməyə gedəcəklər”.

Deputat Razı Nurullayev şəhid ailələrinə göstərilən diqqətdən danışdı. Bildirdi ki, Azərbaycanda Birinci Qarabağ müharibəsinin 20 minə yaxın, İkincinin isə 3 minə yaxın şəhidi var: “Onların ailələrinə, habelə müharibə əlillərinə dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir”. R.Nurullayev bir şahid ailəsinə, bir əlilə beş-on dəfə kömək edildiyini desə də, elə ailə, elə əlil var ki, heç qapısınin döyülmədiyini vurğulayıb: “Birincisi, ASAN Xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN Xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslər dövlət reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın”. Deputat qeyd etdi ki, onların yüz dəfə də yararlanmaq haqqı var, halalları olsun: “Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə ailə və müharibə əlili və ya yaralısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50 faizi azalda bilərlər”.

Milli Məclis də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında layihə müzakirə olundu. Məruzəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim etdi. Komitə sədri bildirdi ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci ildə görülən işlərdən  danışarkən, ilk növbədə, bu ilin ölkəmizin və xalqımızın həyatına erməni faşizmi üzərində qazanılmış tarixi Qələbə ili kimi daxil olduğunu vurğulamaq lazımdır: “Həmçinin qeyd etmək lazımdır ki, cinsi və etnik  mənsubiyyətindən, siyasi əqidə və dini baxışlarından asılı olmayaraq bütün yurddaşlarımız əsl vətənpərvərlik nümunəsi göstərərək eyni amal uğrunda birləşməyi bacardılar. Tarixi yüz illərə söykənən erməni məsələsi və son 30 ilədək olan işğal siyasətindən əziyyət çəkən vətəndaşlarımızın pozulmuş hüquqlarını bərpa etmək üçün cəsarət və qəhrəmanlıq nümayış etdirdi”. 

B.Muradovanın sözlərinə görə, bütün deyilənlərə rəğmən belə cinayətlərin sayında azalma müşahidə olunub: “2019-cu ildə komitəyə məişət zorakılığı ilə bağlı 242 müraciət daxil olmuşdursa, 2020-ci ildə bu rəqəm 179 olmuşdur. 2020-ci il ərzində məişət zorakılığından zərərçəkmiş şəxslərə məhkəmələr tərəfindən 2 uzunmüddətli (Bakı şəhəri Sabunçu rayonu və Tərtər rayonu üzrə), 38 qısamüddətli mühafizə orderi verilmişdir (2019 - 32 qısamüddətli). 2020-ci il ərzində gender əsaslı zorakılıqla bağlı prokurorluq və  daxili işlər orqanları tərəfindən ümumilikdə 376 cinayət işi üzrə 394 şəxs barəsində araşdırma aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 10.587 hüquqazidd əməlin qarşısı alınmışdır. Ümumilikdə 2019-cu ilə nisbətən  qadınlara qarşı, o cümlədən zorakılıqla bağlı cinayətlərin sayı 9% azalmışdır. DK ötən ildə bu barədə cəmiyyətin narahatlığını nəzərə alaraq müvafiq təhlillər və sorğular keçirmişdir. Məlumatda bununla bağlı materiallar əksini tapmışdır. Məişət zorakılığının 4 - psixoloji, fiziki, cinsi və iqtisadi növünün ailədə baş verməsi əksər hallarda onun dağılmasına gətirib çıxarır. Erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün olmamışdır. 2020-ci ildə 165 nəfər 18 yaşadək qız nikaha daxil olmuşdur. Paradoks ondadır ki, CM-in 176-1-ci maddəsi üzrə 2020-ci ildə cəmi bir cinayət qeydə alınmışdır. Bərabərlik hüququnu pozma və erkən nikahla bağlı isə heç bir cinayət qeydə alınmamışdır. Respublikanın iqtisadi rayonları üzrə 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ən çox Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi  rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınmışdır. Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmuşdur”.

Komitə rəhbəri bildirdi ki, 2020-ci ildə cins seçimi məsələsi aktual olaraq qalıb: “Azərbaycan bu məsələdə dünya ikincisidir. Azərbaycan şəhərlərində bu nisbət hər 100 qız uşağına 112 oğlan, kənd yerlərində hər 100 qıza 115 oğlandır. Doğulan uşaqlar arasında cins nisbəti qızlar 100, oğlanlar 114 olmaqla  bioloji normanın  - 100 qız uşağına düşən 105-107 oğlan - pozulmasını göstərir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə bildirdi ki, artıq dünya qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etməyin mümkünsüzlüyünü qəbul edir. H.Hüseynovanın sözlərinə görə,  bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür: “İqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsi, özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması - bu, sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən təməl prinsiplərdir. Dünyanın bir çox ölkələrində həm yerli, həm beynəlxalq səviyyədə keçirilən konfrans və forumlar, zirvə görüşləri bu sahədə qlobal təşəbbüsləri daha da artırır”.

Deputat Məlahət İbrahimqizı orta məktəblərlə bağlı narahatlığını ifadə etdi: “Bu gün orta məktəblərdə müəllimlərin  əksəriyyəti qadındır. Kişilərin təhsildə üstünlük təşkil etməsi üçün komitə tərəfindən hansı işlər görüldüyü açıqlansa, yaxşı olar. Çünki gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır. Digər məsələ erkən nikahlarla bağlıdır. Xüsusilə Bakının bəzi kəndlərində və bəzi rayonlarda bu problem daha aktualdır. Bunun üçün komitə tərəfindən ayrıca fəaliyyət həyata keçirilməlidir. Bu, edilir, ya yox, bilmək istəyərdik”.

Komitə sədri Siyavuş Novruzov dedi ki, bələdiyyə seçkilərində çox vaxt gender bərabərliyi pozulur: “Bakı, Sumqayıt və Gəncə şəhərlərini  çıxmaq şərtilə, digər bölgələrdə qadın namizədlər seçkidə iştirak etmir. İştirak etsələr də,  həyat yoldaşları şəkillərini plakat şəklində vurulmasına icazə vermirdi. Bu cür halların düzəlməsi zaman tələb edir. Burada balans pozulur. Bu cür məsələlər üçün ibtidai siniflərdən başlamaq lazımdır”.

“Cinsi seçim edən ata və anaları cinayət məsuliyyətinə cəlb etmək lazımdır, bəlkə o halda bu məsələlərin qarşısını almaq mümkün oldu”.

Deputat Fazil Mustafa bu fikirləri çıxışında söylədi. Ölkədə 2,6 mln. uşağın olduğunu deyən F.Mustafa bildirdi ki, 2,5 min küçə uşağının mövcudluğu narahatlıq doğurur. Millət vəkili qeyd etdi ki, Azərbaycanda 13 minə yaxın uşaq internatdadır. Bundan əlavə, 50 minə yaxın uşaq zorakılığa məruz qalır. “Biz birinci uşaqdan, təhsildən danışmalıyıq. Bu gün orta məktəblərdə 20 nəfərin təhsil almalı olduğu audiroriyalarda 30-35 uşaq oxuyur. Belə olan halda təhsildə yüksək keyfiyyətdən danışmaq çətin məsələdir”. F.Mustafa qeyd etdi ki, biz bu gün uşaqları xilas edə bilməsək, Azərbaycanın gələcəyi ilə bağlı narahatlıq azalmayacaq.

Müzakirələrdən sonra hesabat qəbul olundu.

Milli Məclisin iclasında söz alan deputat Tahir Kərimli ötən iclasdakı çıxışına görə ünvanına səslənən təhqirlərə əsəbi reaksiya verdi. “Bu qədər söyüş olar?” - deyə, deputat heyrətini ifadə etdi. Bildirdi ki, onun Prezident İlham Əliyevlə bağlı dediklərinə kəskin reaksiya verilməsini anlaşılmazdır. T.Kərimli “bu, həmin xalq deyildimi ki, Prezidentin müraciətindən sonra 50 min nəfər müharibədə iştirak etmək üçün səfərbər olundu?” söylədi. “Bizim yaltaqlığa nə ehtiyacımız var? Bu qədər böhtan olmaz!” - T.Kərimli bildirdi. Ardınca onu hədəfə alanlara ünvanlı söylədi: “O vaxt Surətin qabağından dovşan kimi qaçdınız, Heydər Əliyevi xilaskar kimi gətirdiniz. Minlərlə insanı küçələrə çıxarıb əzdirən siz oldunuz. Mən eləmədim, onu siz etdiniz. AXCP və Musavat bir-birini parlamentdə oturduğuna görə təhqir etdi. 2003-cü ildə getdiniz Amerikaya, ağalarınız nə dedisə, gəlib boykot qərarı verdiniz. Bu qədər oturmusunuz burada, hansı çıxışınızla yadda qalmısınız? İstəyiniz budur ki, siz dövlət başçısını söydüyünüz kimi, biz də söyək? Onu görməyəcəksiniz! Ərəb inqilablarını burada törətmək istəyirdiniz. Alınmadı. Bu qədər olmaz! 22 il işsiz qaldım, ailəmə əmək haqqı gəlmədi. Nədir, siz iqtidara yaxın olanda biz də yaxın olmalı, uzaqlaşanda biz də uzaqlaşmalıyıq?!”

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olundu. Layihədə qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə cərimələrlə bağlı təklif olunan dəyişikliklərin ləğv olunduğu vurğulandı. Parlamentdə I və II oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən layihədə əksini tapan 401.1-ci maddədə qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslərin 5 min manat məbləğində, vəzifəli şəxslərin 10 min manat məbləğində, hüquqi şəxslərin 50 min manat məbləğində cərimə edilməsi təklif olunurdu.

Ancaq III oxunuşda müzakirəyə təqdim edilən layihədə isə həmin maddə əksini tapmayıb.

Milli Məclisin iclasında turizmlə bağlı qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun olaraq, ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Digər dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq. Həmçinin, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

İclasda “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklər də müzakirəyə çıxarıldı. Layihəyə əsasən, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir. Belə ki, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir. Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Şərhlər

Çox oxunanlar