Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib

30.12.2021 13:51     Siyasi reaksiya     668

Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib.

APA-nın məlumatına görə, parlamentdə yaradılmış komissiya “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsini hazırlayıb.

Müraciəti deputat Könül Nurullayeva təqdim edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciətində deyilir ki, taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş həmvətənlərimizin birliyinin təmin edilməsinə ulu öndər Heydər Əliyevin töhfələri olub: “Əziz həmvətənlər! Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı günün həsrətilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin arzusu gerçəkləşib. Bu imkanı xalqımıza Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Ordusunun və xalqımızın birliyi qazandırıb. Həmin günlərdə dünyanın dörd bir yanında olan dünya azərbaycanlılarının xalqımızın haqq işinə dəstəyinin şahidi olduq. Həmvətənlərimizin Qarabağda bərpa-quruculuq işlərində iştirak edəcəklərinə də inanırıq. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələr sırasındadır. Azərbaycanın dünyadakı nüfuzu daha da artır. Xalqımızın birliyinin daha möhkəmləndirilməsi üçün görəcəyimiz işlər az deyil. Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə daha sıx birliyə çağırırıq”.

Müzakirələrdən sonra “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Çox oxunanlar