Zahid Oruc: “Qanun layihəsi müstəqil jurnalistləri məhdudlaşdırmağa çalışmır”
30.12.2021 14:48 Siyasi reaksiya 657
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Musavat.com-un məlumatına görə deputat bildirib ki, dekabrın əvvəlindən başlayaraq ictimailəşən və geniş diskussiyalara səbəb olan yeni “Media qanunu” layihəsi son oxunuş üçün sizə təqdim olunur: “Layihənin lehinə səs verərkən əmin olun ki, az qala hər maddəsi, bəzən, hər sözü dərin analizlərdən keçən sənəd özünü doğrulda bildi. Milli Məclisin yüksək formada təşkil etdiyi 3 ictimai dinləmədə iştirak edən 162 media rəhbəri, eksperti və jurnalistin açıq, sərbəst xarakterli müzakirələri, 70-dən artıq çıxışları, 500-dən artıq məqalə, açıqlama və təhlili yazıları, minlərlə status, rəy və şərhləri həm cəmiyyətimizdə, həm də beynəlxalq aləmdə layihənin həqiqi mahiyyətini təqdim etməyə fürsət açdı. Əgər birinci dinləmə və oxunuş zamanı hətta hakimiyyət təmsilçiləri və tərəfdarlarının sənədlə bağlı bəzən qeyri-müəyyən, ehtiyatlı suallarını cavablandırmaq zərurəti vardısa, 3-cü dinləmənin keçirildiyi 28 dekabr günlərində nəinki dövlətin siyasi kursunu müdafiə edənlər, eləcə də layihənin əleyhinə imza atanlar, müsahibə və çıxışlarında ona qarşı gedənlərin mühüm bir hissəsi sənədin Azərbaycanda söz, mətbuat və ifadə azadlığına, güclü və sağlam jurnalistikanın yenidən dirilişinə töhfə verəcəyinə inamını ifadə etdilər, irəli sürdükləri ideyaların gələcək dövlət siyasətində nəzərə alınacağını dilə gətirdilər. Belə bir tərəqqinin əldə olunması təqdirəlayiq hadisəydi”.
Z.Oruc qeyd etdi ki, fərqli maraqları və baxışları söz və fikir azadlığı, güclü media ideyası ətrafında birləşdirmək çətin olsa da, Milli Məclisin bütün korpusu və İşçi qrupunun sistemli işi konsensus əldə etməyə imkan yaratdı, anlaşma mühiti formalaşdırdı və hər hansı parçalanmalara, siyasi müdaxilələrə fürsət açmadı: “Əvəzində yeni media qanunu Zəfərin mətbuat meydanında davamı kimi ictimai institutların vahid mövqedə birləşməsinə və cəmiyyətin aparıcı qüvvəsi olan 4-cü hakimiyyətin dövlətlə və millətlə daha da yaxınlaşmasına səbəb oldu. Milli Məclisdə təmsil olunan və olunmayan onlarla partiya, qeyri-hökumət təşkilatlarının geniş koalisiyası, sosial medianın aktiv rəy liderləri, fikir və söz adamları yeni layihənin yaratdığı sağlam mühitdə əsil vətəndaş mövqeyi göstərdilər, onların azadlığına və müstəqilliyinə xidmət edən mühüm milli qanunun qəbuluna dəstək verdilər”.
Komitə sədri daha sonra bildirdi: “Gəlin razılaşaq ki, əvvəlki media və kommunikasiya siyasətinə cavabdeh olanların on illik fəaliyyətlərinin mühakimə olunduğu indiki şəraitdə parlamentin prinsipial bir siyasi xətti ardıcıl müdafiə etməsi cənab prezidentin daim vurğuladığı 21-ci əsrin çağırışlarına tamam uyğun idi. 7 və 30 dekabr zaman intervalındakı müzakirələr üçün parlamentin səfərbər etdiyi bütün resurslar, təşkilati, insan və texniki heyətin hər bir üzvünün əməyi təkcə qanunverici hakimiyyəti deyil, bütövlükdə dövlətimizin mövqeyini möhkəmləndirdi, yeni tarixi dövrə keçən media islahatlarına təkan verdi, xarici informasiya hücumları ilə vətəndaşlarımızın şüurunu işğal etməyə çalışanlara qarşısında arzulanan güclü fikir sipəri yaratdı”.
Z.Oruc daha sonra bildirdi: “İkinci oxunuşdan sonra Milli Məclis sədrinin tövsiyəsi ilə hörmətli Əli Hüseynli ilə birlikdə İşçi Qrupla bərabər 10-dan artıq media rəhbəri, tanınmış ekspertlərlə görüşdə faydalı müzakirələr aparıldı. Uzun illər media məkanında hökm sürən kəskin qütbləşmə və etimadsızlıq mühitində belə addımlar təqdirəlayiq idi, ona görə də ictimai-siyasi qüvvələr tərəfindən alqışlandı, mətbuatın kəskin qarşıdurma havasından çıxması üçün növbəti siqnal oldu. 28 dekabr dinləmələrinin çətin şəraitdə baş tutması, medianı “doğmalara və ögeylər”ə bölmədən 70-dən artıq mətbuat rəhbərinin görüşə dəvət olunması layihənin formal səsvermə ilə deyil, ilk növbədə media ordusu tərəfindən mənən qəbul edilməsi üçün aparılan düzgün siyasəti idi. Layihənin lehinə və əleyhinə olanların ilk və son oxunuş arasında mövqelərindəki müsbət dəyişikliklər dövlətimizin bütün sağlam qüvvələri bir araya gətirmək üçün gördüyü tədbirləri göstərir. Eyni zamanda, əgər kimlərisə parlament binası qarşısında keçirilən iki aksiyada dilə gətirilən şüarlar və çağırışların media layihəsinə nə qədər aid olduğu maraqlandırırsa, deyə bilərik ki, iki məhdud etiraz qatılan 10 və 22 nəfərlik qarışıq, fəaliyyət profilləri ayrı, lakin məqsədləri bir olan qüvvələrin canlı yayımla müxtəlif kanallara təqdim etdikləri mənzərələr azad mətbuat idealına yönəlməmişdi. Kənar seyrçiyə elə gəlirdi ki, onlar Azərbaycana beynəlxalq hesabatlarda verdikləri indeksləri doğrultmaq üçün planlı təlim keçirlər. Halbuki irəli sürülən çağırışlar layihənin bir sətrinə və ruhuna aid olsaydı, rəsmən görüş istəyər, qanuni yolllardan yararlana bilərdilər. Lakin əlbəttə, parlament bir qanun layihəsi ətrafında 100 faizli tərəfdar toplamaq məqsədini qarşısında qoymamışdı. Əksinə, həmin aksiyalarda keçmiş KİVDF məfkurəsi hiss olunurdu, sadəcə əks qütbdə olanların müqaviməti Azərbaycanın düzgün yol seçdiyini göstərir”.
Komitə iki oxunuş zamanı çıxış edən deputatlara - Hikmət Məmmədov, Azay Quliyev, Tural Gəncəliyev, Fazil Mustafa, Vahid Əhmədov, Siyavuş Novruzov, Cavid Osmanov, Elman Nəsirli, Məlahət İbrahimqızı, Azər Badamov, Sahib Alıyev, Nigar Arpadarai, Musa Quliyev, Etibar Əliyev, Aqil Abbas və Sabir Rüstəmxanlı layihəyə müsbət yanaşdıqları üçün təşəkkür etdi: “Eyni zamanda irəli sürdükləri suallara dünən hazırlanan yazılı cavabları hər birinə çatdıracağımızı bildiririk. Doğrudur, millət vəkili Erkin Qədirli layihənin əleyhinə səs verəcəyini söyləyib və biz onun mövqeyinə də hörmətlə yanaşırıq. Eyni zamanda,7 müxalif partiyanın Milli Məclis sədrinə müraciətini nəzərə alaraq, əslində hüquqi deyil, məhz siyasi mövqeləri cavablandırmaq üçün də yetərincə arqumentlər mövcuddur və İşçi qrup onlara cavabı yayacaq. Burada bir məqamı da vurğulayaq ki, xarici diplomatik korpuslarının dövlətimizin yeni media siyasətinə göstərdikləri marağı ölkəmizin beynəlxalq aləmin layiqli üzvü olması, Avropa və ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiq qalması kimi qəbul edərək onların irəli sürdükləri tövsiyələrə cavab üçün belə bir ümumiləşməni aparmaq istərdik: Layihə əsla cəzalandırıcı deyil, kimi isə həbs etmək və ya cərimələmək, yaxud ifadə azadlığını məhdudlaşdırmaq məqsədi güdmür, əksinə sağlam jurnalistikanı gücləndirməyi hədəf seçir. Layihə mətbuat azadlığına və beynəlxalq müqavilələrə əsla zidd deyil. Avropa Şurasının Venetsiya Komissiyası hazırki layihənin bazasında hazırlandığı iki qanuna-“KİV haqqında və “Tele-radio yayımı” haqqında qanunlara müsbət rəy verib, Milli Məclis vahid sənəddə birləşdirdiyi və yeni tənzimləyici normalar əlavə etdiyi sənədi yasaqlayıcı saymır və istənilən beynəlxalq təşkilatla bu yöndə diskussiyalara hazırdır. Lakin qanunverici səlahiyyət müstəsna olaraq, xalqımızın və onun yaratdığı hakimiyyət orqanlarının birbaşa iradəsi olmalıdır. Media şirkətləri öz reportajlarını və digər məzmunlarını yaymaq üçün sosial media platformaları da daxil olmaqla, bütün kommunikasiya mexanizmlərindən istifadədə davam edəcəklər, çünki layihə sosial şəbəkə və youtube kanallarını tənzimləmir. Hazırkı qanun layihəsi hökumətin nəzarətini genişləndirməyə və müstəqil jurnalistləri məhdudlaşdırmağa çalışmır, ona görə də heç bir səfirlik, beynəlxalq təşkilat qətiyyən narahatolmasın.Lakin Azərbaycan dövləti mətbuatın güclənməsində maraqlıdır. Jurnalistlər üçün Media Reyestrində qeydiyyat məcburi deyil, istəyə bağlıdır. Müstəqil bloqerlər məhdudiyyətsiz fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin mümkün məzmun məhdudiyyətləri üçün layihədə gizli və dolayı normalar mövcud deyil. Bütün jurnalistləri yalnız vahid vəsiqə altına yığmaq məqsədi qarşıya qoyulmayıb. Çünki burada könüllülük prinsipi seçilib. Ona görə də Vahid Məlumat bazası üçün qanuni müstəvinin yaradılmasını bürokratik mərkəzləşmə adlandırmaq yanlışdır. Heç bir partiyanın və dini qurumların informasiya məkanına çıxışını məhdudlaşdırmaq üçün yeni normalar yaradılmayıb. Onların xidmətində olan informasiya vasitələri azad fəaliyyətlərini davam etdirə bilərlər”.
Şərhlər